“KTMT missiyasının Ermənistanda yerləşdirilməsinə təkcə Rusiya deyil, Ermənistan da hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Narahatlıqlarımızın əhatə dairəsini bildirmişik, narahatlığımız, arzumuz və ya istəyimiz ondan ibarətdir ki, mümkün missiya effektli olmalıdır. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Bu istiqamətdə müzakirələri davam etdiririk”, - baş nazir bildirib.
Paşinyan KTMT ilə Avropa Birliyi (AB) arasında müqayisə apararaq qeyd edib ki, AB-nin missiyasını KTMT ilə eyni müstəvidə qoymaq olmaz:
“Gəlin KTMT ilə Avropa İttifaqını fərqləndirək. KTMT-nin Ermənistan qarşısında təhlükəsizlik öhdəlikləri var, Ermənistanın da öhdəlikləri var. Məsələn, KTMT 2022-ci ildə Qazaxıstanda baş verən hadisələr zamanı bunu tam yerinə yetirib”.
Baş nazirin fikrincə, Ermənistanın KTMT-dən gözləntiləri AB missiyasından qat-qat yüksək olmalıdır.
AB missiyasından razı olub-olmadığını soruşduqda Paşinyan belə cavab verib: “AB missiyası uzunmüddətli missiyadır, iki aydır yerləşdirilib. Yeri gəlmişkən, hələ tam yerləşdirilməyib, proses gedir, irəliləyişi görəcəyik”.
Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş verən son olaylara AB-nin münasibətinə də toxunub:
“Heç bir emosional qiymətləndirmənin olmadığı, amma siyasi baxımdan 1991-ci il sərhədinin qorunub saxlanmasının lazım olduğuna dair çox aydın bir qeyd var, biz bununla razıyıq. Bu, çox mühüm, fundamental qiymətləndirmədir”.