“Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilən görüşdən müsbət nəticə gözləmirəm”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert iki ölkənin liderlərinin Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəldiklərini xatırladıb:
“Görüşün ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirlərinin dörd gün davam edən müzakirələrində əldə olunan razılaşmalar fonunda keçirilməsi diqqət çəkir. Hesab edirəm ki, yenidən start götürən Brüssel prosesinin arxasında da Vaşinqton dayanır. Qərb iki dövlət arasında tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlı görünür.
Qənaətimə görə, Prezident İlham Əliyevlə Nikol Paşinyan Brüsseldən sonra Moskvada bir araya gələ bilər. Hələlik bununla bağlı xarici işlər nazirlərinin görüşü razılaşdırılıb. Qərbdən, xüsusən də ABŞ-dan fərqli olaraq, Rusiya gərginliyin davam etməsində maraqlıdır, bütün vasitəçiliyi də sülhün əngəllənməsinə yönəlib.
Brüssel görüşündə Zəngəzur dəhlizi, Laçın yolunun başlanğıcında - Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması və son günlər şərti sərhəddə atəşkəsin pozulması hallarının artmasının müzakirə edildiyini düşünürəm. Ən əsası da gələcək sülh müqaviləsinin detalları. Bu baxımdan, qarşıda gözlənilən Kişinyov görüşü müəyyən nəticələrlə yadda qala bilər. Azərbaycan sülh müqaviləsini Brüsseldə də imzalamağa hazırdır, Paşinyan isə bundan yayınmağa çalışır”.
Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın mövqeyi prosesi həm gecikdirir., həm də zaman-zaman sıfır nöqtəsinə gətirir:
“Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınması zaman qazanmağa hesablanıb. İrəvan zənn edir ki, bu müddətdə bölgə və dünyada geosiyasi durum dəyişə bilər. Bu baxımdan, Brüssel görüşündə hansısa razılaşmalar olarsa belə, Ermənistanın yenə də buna əməl etməyəcək.
Ermənistan sülh prosesini pozmaq üçün bütün masalarda Qarabağ məsələsini ortaya atır. İrəvan hansısa formada Qarabağ erməniləri üçün “beynəlxalq zəmanət” və ya “status” almağa çalışır. Əlbəttə, Azərbaycan Qarabağ məsələsinə nöqtəni qoyub, heç bir masada daxili işimiz başqa dövlətlə müzakirə mövzusu ola bilməz. Ermənistan bunu anlayıb.
Qənaətimə görə, Azərbaycanla Ermənistan arasında sülh həm də Ukraynadakı durumdan asılıdır. Daha dəqiq desək, Ukrayanın əks-hücumu effektli olarsa, bu, Rusiyanın digər bölgələrdəki, xüsusən də Ermənistandakı mövqelərinə ağır zərbə olacaq. Bu durumda Qərb Rusiyanı Ermənistanda da sıxışdıra biləcək. Bu isə sülhə gedən yolda önəmli gəlişmə ola bilər”.