8 İyun 2023 12:53
2 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsinin göründüyündən də böyük məqsədləri var”.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli professor, siyasi ekspert Süleyman Seyfi Öyün deyib.

Professor əsas hədəfin Avrasiya, Şimal qütbü və Sibiri ələ keçirmək olduğunu iddia edir:

“Hamının Rusiyanın həqiqətən də supergüc olub-olmaması ilə bağlı şübhəsi var. Bəli, həm Napoleonla müharibələrdə, həm də İkinci Dünya Müharibəsində Rusiya əvvəlcə Hitler qarşısında parçalandı, sonra toparlandı və qalib gəldi. Amma bunu Ukrayna müharibəsi ilə bağlı demək çətindir, çünki Zelenski nə Napoleondur, nə də Hitler, keçmiş komediya ustasıdır. Ukrayna isə nə Fransadır, nə də Almaniya, məzlum Ukraynadır. Rusiya burada ilişib qalıb, qalib gəlsə belə, nüfuz savaşında məğlub olacaq. Maddi itkiləri birtəhər kompensasiya etmək olar, amma prestij müharibəsinin məğlubiyyətini bərpa etmək ən çətindir. Bu baxımdan Rusiya artıq müharibəni uduzub. Bu iki qardaş xalqı bir-birinə qarşı çıxarıb döyüşdürmək kimin tələsidirsə, etiraf etmək lazımdır ki, qorxunc tələdir.

Mən həmişə deyirəm ki, Rusiya-Ukrayna müharibəsi əslində Almaniya (AB) ilə İngiltərə-ABŞ (Atlantik) arasında savaşdır. Digər tərəfdən, bu müharibə Çinə qarşıdır. Bu, Çinin Avropaya çıxışını, xüsusən də Almaniya-Çin birləşməsini sabotaj etməyə yönəlmiş çoxqatlı qitələrarası oyunun qanlı epizodudur. Avrasiya dedikdə, Asiya və Avropa nəzərdə tutulur. Avrasiyanı cəhənnəmə çevirmək Asiyanı Avropadan ayırmaq deməkdir. Qafqaz və Balkan üzərində mümkün Qara dəniz müharibəsi oyun sahəsini genişləndirir. Əfqanıstan, Pakistan və Xəzərdən başlayaraq Türküstan coğrafiyasının sabitliyini pozmaq bu faciəvi oyunun digər epizodlarıdır. Çinin uzun illər qurduğu və inkişaf etdirmək istədiyi ticarət şəbəkələrini darmadağın etmək istəyirlər. Dənizlərdə də durum fərqli deyil. Sakit okeanda Çinin Tayvan və Malaqqa boğazları vasitəsilə dənizlərə çıxışını mühasirəyə alırlar. Yaponiya və Avstraliyanı cəlb etməklə mühasirənin miqyasını genişləndirirlər”.

Süleyman Seyfi Öyün qeyd edib ki, buna cavab olaraq Çin Türküstan dövlətlərini, Əfqanıstanı, Pakistanı, İranı və nəhayət körfəzin ərəb dövlətlərini yaxınlaşdırmaq üçün əks addım atdı:

“Atlantik tez cavab verdi. Əfqanıstanın İran düşmənçiliyi ilə səhnəyə çıxması, Qırğızıstandakı dövlət çevrilişinə cəhd də Xəzərdə onsuz da mövcud olan Azərbaycan-İran gərginliyinə əlavə olundu. Bu gəlişmələrim bir ucu da bizə toxunur.

Məsələnin daha az danışılan, amma qeyd etdiyim cəhətlərdən qat-qat həlledici olan başqa bir tərəfi də var. Qlobal istiləşmə ilə qütblərin əriməsi nəticəsində yaranan yeni ticarət yolu dəqiq hesablama tələb edir. Çin ticarət gəmilərinin istiqamətini şimala yönəltməklə Sibirin şimalından Baltikə, oradan da Avropaya asanlıqla çatmaq olar. Bu su yolu Asiyanın quru yol əlaqələrini məhv etməyə bilər, amma onu ikinci dərəcəyə qədər azaldır.

Müharibə quruda başlayıb, dənizlərə aparılır. Kanada, ABŞ və Rusiya bu hövzənin əsas himayədarlarıdır. Yaponiya və Baltikyanı Avropa bu prosesdə iştirak edən qüvvələrdir. Rusiyanın Ukrayna ilə döyüşdürülməsi, Baltikyanı bölgənin irili-xırdalı dövlətlərinin anti-Rusiya xəttində birləşmələri qütblərdə aparılan bölüşdürmənin ayaq səsləridir. Bu səbəbdən İsveç və Finlandiya NATO-ya daxil olmaq istəyir.

Başqa bir ölçü ondan ibarətdir ki, geniş və yaşayış olmayan Sibir torpaqları qlobal istiləşmə nəticəsində yüksək kənd təsərrüfatı məhsuldarlığına nail olacaq. Bu torpaqları əhalisi getdikcə azalan Rusiyadan almaq istəyirlər. Yəni əsas məsələ nə Asiya, nə Avropa, nə də Avrasiyadır. Əsas məsələ Arktikada hökmranlıq və Sibirin talan edilməsidir. Əlbəttə, digər məsələlər də var və bunların da bir regional ağırlıqları mövcuddur, amma indi bunlar bu mərkəzi məsələni ifadə etmək imkanlarına görə məsələlərə çevrilirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər