14 İyun 2023 22:36
9 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi müttəfiqliyə dair müqavilə imzalana bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Pakistan-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçdiyini bildirib:

“Yeni geosiyasi konfiqurasiya fonunda belə bir hərbi paktın imzalanması ölkəmizin təhlükəsizliyini gücləndirə bilər. Hindistanın Ermənistana silah ixracı və İranın da bu prosesdə rol alması, Azərbaycanın Pakistanla hərbi əməkdaşlığını daha da gücləndirməsini zərurətə çevirir.

Hindistan və Pakistan bir-biri ilə münaqişədə olan ölkələrdir. Hər iki ölkə Cənubi Qafqazda da bir-birinə qarşı əks mövqedə dayanıb. Hesab edirəm ki, Hindistanın Ermənistanı silahlandırması Pakistanın Azərbaycanla əməkdaşlığına cavab xarakterlidir. Halbuki Pakistan-Azərbaycan hərbi əməkdaşlığı sülhə və təhlükəsizliyə xidmət edir, bu əməkdaşlıq üçüncü ölkəyə qarşı çevrilməyib. Xüsusən də Hindistana qarşı.

Amma Hindistan-Ermənistan hərbi əməkdaşlığı birbaşa Azərbaycanı hədəfə alır. Bunda da bir məqsəd ola bilər: İrəvanın revanşist siyasətinə dəstək vermək. İran da bu baxımdan Azərbaycana qarşı mövqeyində fərqlənmir. İran əvvələr Rusiya və Hindistandan Ermənistana daşınan silahların çatdırılmasında tranzit ölkə rolunu oynayırdısa, indi özü Azərbaycandan qisas almaq duyğusu ilə qovrulan erməniləri silahlandırır.

Bir neçə gün əvvəl Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistana və bu ölkənin Baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri hərbi əməkdaşlığın yeni mərhələsinə keçidi təmin edəcək. Bu əməkdaşlıqda Türkiyə də rol alacaq. Yəni dediyim kimi, üçtərəfli hərbi paktın imzalanması labüddür, bunu dünyada və regionda dəyişən geosiyasi düzən tələb edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər