Baş Prokurorluqda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, 2014-cü il xalqımız üçün çox uğurlu il olmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter alıb.
Zakir Qaralov daha sonra qeyd edub ki, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib: “Cari ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi kimi dəyərləndirilib”.
Baş Prokuror daha sonra əlavə edib ki, 2014-cü il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Onun sözlərinə görə, digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub”.
Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla davam etdirilib.
Zakir Qaralov bildirib ki, cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb: “Bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Respublikanın digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilib. Qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görülüb”.
Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2014-cü ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov isə hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və xəsarət almasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilsin.
Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.
Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilmişdir ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
Müşavirədə prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.
Eyni zamanda, 2014-cü il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2015-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident cənab İlham Əliyevin rəhbəliyi altında həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbilərin görülməsini təmin edəcəkdir.
Hacı Zeynalov