27 İyun 2023 17:10
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya genellarından biri Putinin xəbəri olmadan Ermənistana “İskəndər-M” verə və ya həmin raketi Azərbaycana tuşlaya bilərdimi?”

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Eksper məsələ ilə əlaqədar Ermənistan rəhbərinin səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Baş nazir Nikol Paşinyan deyir ki, müharibə vaxtı bəzi silahların istifadə hüququ Ermənistana aid olmayıb. Bəs kimə aid olub? Paşinyan bu barədə heç nə deməsə də, söhbətin Rusiyadan getdiyi aydındır. Paşinyan iclasın qapalı hissəsində Ermənistan silahlı qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib. O, bu silahların Rusiya istehsalı “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.

Azərbaycan prezidenti İlham Əliyev müharibədən sonra “İskəndər-M” raketi ilə bağlı Kreml qarşısında bir neçə dəfə məsələ qaldırıb. Azərbaycan lideri Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş “İsgəndər-M” raketinin qalıqlarının Şuşada tapılmasından sonra bu məsələni həmkarı Vladimir Putinlə müzakirə edib.

“Bu, çox həssas məsələdir, Azərbaycan xalqından gizlədə bilmərəm”, – deyən İlham Əliyev Rusiya prezidenti ilə telefon danışığı zamanı bu sualı ona verdiyini və cavabı bilmək istədiyini vurğulayıb.

Putinin cavabı olmayıb. Rusiya prezidenti nə cavab verə bilərdi? Kreml sahibi bəlkə də özünün əmriylə “İskəndər-M” raketi ilə Azərbaycan ərazisinə zərbə endirdiyini etiraf etməyəcəkdi ki. Rusiya genellarından biri Putinin xəbəri olmadan Ermənistana “İskəndər-M” verə və ya həmin raketi Azərbaycana tuşlaya bilərdimi? Paşinyan son çıxışında buna işarə edib”.

Elxan Şahinoğlu “Vaqner” qrupunun 44 günlük müharibədə ermənilərə yarımı iddiasına da toxunub:

“Vaqner” muzdlu qruplaşmasının üzvlərinin Suriya, Liviya, Çad və Ukraynadakı müharibələrdə iştirakları ilə yanaşı, Qarabağdakı döyüşlərdə də erməni separatçılarına dəstəyi barədə məlumatlar var. “Vaqner”in Rusiyada xaos yaratmaq və Kremllə qarşıdurması fonunda rusiyalı muzdluların erməni separatçılarıyla bağlılığı diqqəti çəkib. “Vaqner”in keçmiş üzvü Viktor Oqnev İkinci Qarabağ Müharibəsindən bir neçə gün sonra Rusiyanın “Novaya qazeta” nəşrinə müsahibəsində qruplaşmanın 500 muzdlusunun Qarabağa gəldiyini və bölgənin şimalında Azərbaycan ordusuyla savaşdığını bildirmişdi.

“Vaqner” muzdluları arasında ermənilər də var. Onlardan biri Qarabağ doğumlu Ayk Qasparyan Suriya və Ukraynadakı döyüşlərdə iştirak edib, hətta Soledar şəhərinin işğalındakı iştirakına görə Putin tərəfindən təltif olunub.

“Vaqner” muzdlularının bir qrupu Qarabağda olubsa, bu müharibənin sonlarına yaxın – noyabrda baş verib, Azərbaycan ordusuyla real döyüşlərdə iştirak etməyiblər. “Vaqner”in Qarabağda peyda olması Rusiya hakimiyyətinin icazəsi ilə olub. Əgər Kreml Azərbaycan ordusunun Qarabağda uğurlu həmlələrinin qarşısını almaq üçün “İskəndər-M” raketlərindən istifadə edibsə, eyni məntiqlə muzdluları da Azərbaycan ərazisinə göndərə bilərdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər