17 Avqust 2023 22:00
3 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan böyük diplomatik məğlubiyyətlə üzləşdi. Dünyaya sübut etdik ki, biz heç kəsi blokadada saxlamırıq, heç birini acından öldürmürük, soyqırımına da məruz qalan yoxdur. Bunu tam mənada sübut etdik”.

Bunu BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı son toplantısını Teleqraf.com-a şərh edən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

“Onların siyasi rəhbərləri başa düşür ki, burada başqa bir yol seçmək lazımdır. Gördüyümüz odur ki, bəzi ermənilər artıq Qarabağı tərk edirlər. Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Digər tərəfdən, onu da anlayırlar ki, gec-tez 10 minlik qeyri-qanuni dəstələrinin oradan çıxarılmasına nail olacağıq. İndi sadəcə möhlət verib, xəbərdarlıq edirik”, - professor bildirib.

Fikrət Sadıqov qeyd edib ki, rəsmi Bakının erməni icmasının nümayəndələri ilə dialoq çağırışı yenə gündəmə gələcək:

“Bu məsələdən yayınmırıq, orada yaşayan erməniləri dialoqa çağırırıq. Dəfələrlə bunu demişik. Hər halda Qarabağ erməniləri başa düşəcəklər ki, onların başqa çıxış yolu yoxdur. BMT Təhlükəsizlik Şurası onların xeyrinə heç bir qərar qəbul etmədi. Ermənilər başa düşməlidirlər ki, azərbaycanlılarla birlikdə, bizim qanunlarımızla yaşayacaqlar, qeyri-qanuni dəstələr rədd olacaqlar. Azərbaycan prinsipial və qəti mövqeyini bundan sonra da nümayiş etdirəcək.

Bu təkliflərimizi yenə gündəmə qoyacağıq, onlarla dialoq məsələsini nəzərdə tuturam. Qarabağ ermənilərinin arasında normal düşüncəli şəxslər də var. Sadəcə onlar separatçı rejimin, quldur dəstənin təzyiqi altındadırlar. İlk növbədə buna nail olmalıyıq, onları dialoqa cəlb etməliyik. Başqa bir variant olmayacaq. Ya getməlidirlər, ya da reinteqrasiya olmalıdırlar.

Brüsseldə, Vaşinqtonda, Moskvada danışıqlar zamanı bu məsələni qabarıq şəkildə gündəmə qoymalıyıq. Bunu təklif ediriksə, reallaşmalıdır. Təklif həyata keçməsə, antiterror əməliyyatı həyata keçəcək, gec-tez ora daxil olacağıq. Sadəcə bunu güc yolu ilə etməyin tərəfdarı deyilik, hələlik sülh təklif edirik. Bu, beynəlxalq münasibətlər sistemində çox nadir rast gəlinən haldır. Şübhə etmirəm ki, diplomatik addımlar öz nəticəsini verməsə, hərbi əməliyyatlar başlayacaq. Başqa variant görmürəm”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər