“Avropa Birliyinin lokomotivi kimi görünən Almaniya Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan prosesdən sonra digər Qərb dövlətləri kimi Moskva ilə münasibətlərini maksimum endirib. Moskvanı geri çəkilməyə məcbur etmək üçün tətbiq edilən sanksiyalarla Rusiyadan enerji ixracı məhdudlaşdırılıb, bu səbəbdən ikitərəfli iqtisadi əlaqələr pisləşib”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Kanal 7” telekanalının analitiki Bartu Eken deyib.
Ekspert qeyd edib ki, baş verənlərin ardınca enerji sahəsində problemlərlə üzləşən Berlin Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrini artırmaq üçün hərəkətə keçib:
“Almaniya Kansleri Olaf Şolz bölgənin türk dövlətlərinin və Tacikistan liderlərini Berlinə dəvət edib. Kritik önəmə malik Orta Asiya-Almaniya sammiti Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistan liderlərinin iştirakı ilə Berlində keçirilib. Sammitin ən diqqətçəkən məqamları enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ enerji təchizatı marşrutlarının yaradılması məqsədlərinin vurğulanması oldu.
Bölgəni Türkiyə (eləcə də Azərbaycan) üzərindən Avropaya birləşdirməyi hədəfləyən Orta Dəhliz marşrutunun inkişaf etdirilməsi təşəbbüsü görüşdə iştirak edən liderlərin əsas gündəm məsələlərindən biri idi. Almaniya hökuməti Orta Asiya dövlətlərini, xüsusən də Qazaxıstanı investisiya mərkəzi kimi görür. Bu dövlətlər yaşıl enerjinin ucuz istehsalı üçün əlverişli coğrafiyaya malikdir.
Sammitdən sonra qəbul edilən birgə bəyanatda bildirilib ki, Almaniya ilə Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında Strateji Regional Tərəfdaşlıq qurulacaq. Sözügedən əməkdaşlığın təkcə iqtisadiyyat və enerji sahələrində olmadığı vurğulanıb. Qeyd olunub ki, sammit birdəfəlik tədbir deyil, növbəti toplantı Orta Asiyada keçiriləcək”.
Eken vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kremlin keçmiş sovet ölkələrinə müharibə elan edə biləcəyi ilə bağlı narahatlıq yaranıb:
“Bu mənada birliyin keçmiş üzvü olan türk dövlətlərinin müstəqillikləri və milli suverenlikləri istiqamətindəki qətiyyəti həm hərbi baxımdan inkişaf tələb edir. Bu, həm də siyasi və iqtisadi baxımdan alternativlər yaratmağı hədəfləyir. Münasibətlərinin Rusiya və Çinlə məhdudlaşmasını istəməyən, birliklərini günbəgün gücləndirən türk dövlətləri Avropa Birliyi və ABŞ-la müqavilələr bağlayaraq ölkələrinin inkişafını və təhlükəsizliyini artırmaq istəyirlər. Xüsusilə Qazaxıstanın Rusiyaya qarşı sanksiyaları dəstəkləməsi və Ukraynadakı mövqeyi bu durumun önəmini artırır.
Sammitdən sonra imzalanan 6 səhifəlik birgə bəyannamədə Rusiyanın adı çəkilməsə də, bütün dövlətlərin “suverenliyi və ərazi bütövlüyü”nün vurğulanması diqqət çəkir. Eləcə də Rusiyanın Ukraynada başlatdığı müharibəyə istinad edilib”.
Türkiyəli analitik vurğulayıb ki, Avropa Birliyi Çinin İpək Yolu təşəbbüsünə alternativ olaraq yaradılan “Gate Away” Layihəsi ilə Pekindən ticari asılılığını azaltmağı hədəfləyir:
“Şolzun türk liderlərinə bu kontekstdə təklif verdiyi bildirilir. Berlinin bu təşəbbüsü AB-nin töhfələri ilə dəstəkləyəcəyinə əmin olduğu deyilir.
AB-nin “Gate Away” layihəsi üzv ölkələrin səhiyyə, enerji, texnologiya, təhsil, nəqliyyat və tədqiqat sektorlarında özəl və dövlət infrastruktur investisiyalarını dəstəkləmək məqsədi daşıyır. 300 milyard dollarlıq projenin açılışı 2021-ci ildə olub”.
Sammitdə müzakirə olunan Orta Dəhliz Azərbaycanın, eləcə də Cənubi Qafqazın önəmini və rolunu artırır. Uzun müddətdir gündəmdə olan Zəngəzur dəhlizi bu xəttin önəmli hissələrindən biridir.