Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı Britaniyanın bu ölkələrin suverenliyi və təhlükəsizliyinə daimi dəstəyini vurğulayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Ermənistandakı səfirliyinin məlumatında deyilir.
“Nazir Dokerti uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac olduğunu vurğulayacaq.
Bu il regiona üçüncü səfəri zamanı Ermənistan və Gürcüstanın demokratik islahatlar gündəmlərini müzakirə edəcək və Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləmək üçün Britaniyanın səylərini təşviq edəcək.
Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti bu gün başlayacaq Ermənistan, Gürcüstan və Azərbaycana səfəri zamanı Böyük Britaniyanın Cənubi Qafqazda sülh və sabitlik üçün artan dəstəyini və əməkdaşlığı vurğulayacaq”, - məlumatda qeyd olunur.
Səfirlik bildirir ki, Rusiyanın cənub sərhəddindəki bölgə (Cənubi Qafqaz) münaqişənin təsirlərindən qurtulmaq, azadlıq və müstəqilliyin demokratik seçimi lehinə islahat gündəmlərini irəli aparmağa çalışdığı üçün xarici müdaxilələrə qarşı həssas olaraq qalır:
“Bu il üç ölkə ilə formal strateji dialoqlara əsaslanaraq, nazir Dokerti iqtisadiyyatların şaxələndirilməsinə və Avropanın Rusiyadan asılılığının azaldılmasına kömək etmək üçün ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığın əhatə dairəsini genişləndirməyi təklif edəcək.
Dokerti İrəvana gəlməmişdən əvvəl deyib ki, Cənubi Qafqaz həm daxildən, həm də qonşu ölkələrdən regionun sabitliyini təhdid edən mühüm təhlükəsizlik çağırışları ilə üz-üzədir: “Qeyri-sabit regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”.
Səfirlik vurğulayıb ki, Dokerti Azərbaycan və Ermənistanı tarixi sülh sazişinin əldə edilməsi, regionda davamlı sülhün təmin edilməsi üçün beynəlxalq vasitəçiliklə aparılan danışıqlarda səmərəli iştirak etməyə çağıracaq.