29 Noyabr 2023 13:10
4 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Serj Sərkisyanın dönəmində Ermənistana pulsuz silah verirdi, Paşinyana görə bu dayandırılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyası sədrinin müavini Eduard Şarmazanov deyib.

“Niyə Rusiya və KTMT Serjin vaxtında kömək etdi, Nikolun vaxtında yox? Bu bir faktdır ki, Serj Sərkisyanın hakimiyyəti dövründə Ermənistan-Rusiya münasibətlərində çox ciddi nailiyyətlərimiz olub. Birincisi, Rusiya hərbi bazasının yerləşdirilməsinin 2044-cü ilə qədər uzadılması idi”, - partiya rəsmisi bildirib.

Şarmazanov Sərkisyanın “digər uğurlar”ı, əslində isə Ermənistanın Rusiyadan asılılığını gücləndirən addımları kimi Avrasiya İqtisadi Birliyinə üzvlüyünü və KTMT strategiyasının qəbulunu göstərib.

Sərkisyanın müavini Rusiyanın Ermənistana qarşı atacağı iqtisadi addımların ölkəsinə baha başa gələcəyini bildirib:

“Qazın real qiyməti 650-700 dollardır. Təsəvvür edirsiniz, qazın qiyməti 4 dəfə artsa, işığın, çörəyin qiyməti... hər şey bahalaşacaq. Məhsullarımızın əksəriyyəti Larsdan (Gürcüstan-Rusiya yolu) gəlir. Lars iki ay bağlansa, nə edəcəyik? İstehsal etdiyimiz kənd təsərrüfatı məhsullarını Rusiya bazarına çıxarmaq mümkün olmasa, Fransada erməni brendi satılacaqmı?”.

Şarmazanov etiraf edib ki, Rusiya və KTMT Nikol Paşinyanı hakimiyyətdə görmək istəmədiyi üçün Ermənistana yardım etmir. Sərkisyanın dönəmində isə durumun fərqli olduğunu vurğulayıb.

Şarmazanov qeyd edib ki, Sərkisyanın dönəmində Rusiya və KTMT Azərbaycana qarşı Ermənistanı dəstəkləyib:

“KTMT Azərbaycanı Serj Sərkisyanın vaxtında tənqid edirdisə, indi etmirsə, günahkar kimdir? KTMT eynidir, Rusiya eynidir, Ermənistan rəhbərliyi dəyişib. Günahkar Paşinyandır.

Bu yaxınlarda Seyran Ohanyan parlamentdə bəyan etdi ki, müdafiə naziri olanda (Rusiyadan) İrəvana pulsuz təyyarələr, silah-sursat verilib.

Rusiyadan başqa Ermənistan yeganə ölkə idi ki, “İskəndər” vardı.

Bəs bu gün Rusiyaya qarşı düşmənçilik münasibətilə hara gedirik? Bölgədə iki ordu var: rus və türk. Ya rus, ya da türk ordusunun müttəfiqi olmalıyıq”.

Şarmazanov onu da etiraf edib ki, Ermənistan Qarabağı – Azərbaycan ərazilərini 30 ilə yaxın məhz Rusiyanın dəstəyi ilə işğalda saxlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər