Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Bu və bir sıra digər anti-Rusiya addımları müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın TASS Agentliyi məlumat yayıb.
Agentlik iddia edir ki, Almaniya Rusiyaya bağlı kadrların Ermənistan hökumətindən uzaqlaşdırılmasına çalışır: “Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə cəlb etməyə çalışır. Berlinin məqsədi İrəvan və Moskvanı mümkün qədər aralı tutmaqdır.
Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tez bir zamanda çıxarılmasında, Rusiyaya dost kadrların dövlət aparatından uzaqlaşdırılmasında, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının yenilənməsində maraqlıdır.
Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki dəstək təklif edir, həmçinin Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərinin Avropa Birliyi ölkələrinə kütləvi köçünün qarşısını almaq səylərini dəstəkləyir”.