Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün maksimum kömək göstərməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Rusiya tərəfi bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işləyib, işləməyə davam edir. Bunu bizim hərəkətlərimiz təsdiqləyir, bununla bağlı Rusiyanın iştirakı və təşəbbüsü ilə nələrin edildiyini sadalamayacam. Demək istəyirəm ki, Rusiya bu prosesə maksimum kömək göstərməyə, Ermənistanla Azərbaycan arasında sabit, ədalətli sülhün əldə edilməsinə nail olmağa sadiq qalır”, - səfir bildirib.
Kopırkin qeyd edib ki, Moskva regionda sabit sülhün olmasında maraqlıdır:
“Münasibətlərin normallaşması prosesini dəstəkləyirik, Rusiya istər sülh müqaviləsinin bağlanması, istər sərhədin delimitasiya və demarkasiyası, istər iki ölkə arasında etimad quruculuğu, istər vətəndaş cəmiyyətləri arasında təmaslar, istərsə də kommunikasiyaların açılması olsun, bütün istiqamətlərdə işləməyə hazır olduğunu həmişə çox fəal şəkildə vurğulayır”.
Diplomat əlavə edib ki, Rusiyanın fəal iştirak etdiyi müvafiq üçtərəfli format yaradılıb:
“Yenə deyirəm: Rusiya bu prosesə maksimum mümkün və lazımi yardımı göstərməyə qətiyyətlə sadiqdir. Əlbəttə, bu, tərəflərin həll etməli olduğu məsələdir, bu, onların suveren problemidir. Ancaq Rusiya bu istiqamətdə fəal işə sadiq olub, qalır və qalacaq. Bu məsələ bizim üçün çox vacibdir. Cənubi Qafqaz bizim üçün çox mühüm bölgədir, burada sülh, sabitlik və firavanlığın olması bizim həyati maraqlarımızdır”.