13 Fevral 11:06
19 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ermənistana Azərbaycanla yeni müharibə sifarişi verib.

Teleqraf.com xəbər verir ki, bunu “Ekodünya” ictimai birliyinin sədri, siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ekspert Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı son təxribatlarına diqqət çəkib:

“Ermənistana külli miqdarda silah verən Qərb Cənubi Qafqazda yeni müharibə sifarişi edib. Ermənistan mediası da “qan-qan” deyir. Azərbaycan rəhbəri artıq xəbərdarlığını edib. Hesab edirəm ki, bu coğrafiyada savaş çıxacaqsa, İran və Rusiya hədəfə gələcək. Amma İrəvana silahlar Gürcüstan və İrandan buraxılır. Bir növ bu iki dövlət öz ayağına atəş açmaqla məşğuldur.

Azərbaycana gəlincə, ATƏT, Avropa Birliyi, Avropa Şurası və sair Qərb qurumları təzyiq etməklə, ABŞ isə birbaşa düşmən ordusunu silahlandırmaqla Yaxın Şərq və Ukrayna coğrafiyası arasında yeni zəncir qurmağa çalışır. Buna ən uyğun coğrafiya, təəssüf ki, normal dövlət hakimiyyətinin olmadığı Ermənistandır.

Düz xətt boyunca təxminən 2500 kilometrlik məsafədə yeni münaqişə xəttinin əhatə edəcəyi ərazilər “dünyanın ürəyi” hesab edilən zonalardır. Söhbət Xəzər akvatoriyası, Xəzər - Qara dəniz zonası, Orta Asiya ölkələri, İran, Fars körfəzi, Türkiyə, Ermənistan və Gürcüstandan gedir. Qafqaz - ənənəvi kommunikasiya yolları hədəfdədir”.

Əziz Əlibəyli qeyd edib ki, üçüncü savaşın xəritəsini cızan mərkəzlər bütün istiqamətlərdə işləyirlər:

“Qərblilər sərhəddə binoklla müşahidəçi, Bakıda diplomat, Avropa və ya Qərbdə biznesmen və lobbi, İrəvanda isə silah taciridirlər.

Qeyd edim ki, təkcə Türkiyə ətrafında aktiv 7 müharibə zonası var, yenə də Azərbaycan ətrafında münaqişəyə yaratmağa çalışırlar. Amma onların hesablamalarına baxmayaraq, dinamika Azərbaycan baxımından müsbətdir, üstün tərəf bizik, hər sahədə cavab verə bilərik. Paris, Dehli, Tehran və Vaşinqtonda verilən qərarların nə olmasından asılı olmayaraq, proses Azərbaycanın lehinə inkişaf edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər