İslahatçı, Azərbaycan əsilli Məsud Pezeşkiyanın İran prezidenti seçilməsi Tehranda Ermənistana münasibəti dəyişə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşrin fikrincə, yeni dönəmdə Ermənistan-İran münasibətlərində ciddi dəyişiklik gözlənilməsə də, müəyyən risklərin olacağı istisna deyil:
“Bizimlə söhbətində Ermənistanın beynəlxalq ekspertlərindən biri dedi ki, ilk risk İran və ABŞ arasında dialoq imkanları ilə bağlı ola bilər. Xüsusilə payızda ABŞ-də seçki gözlənilir və prezidentin dəyişəcəyi istisna olunmur. Eləcə də İranla Azərbaycan arasında münasibətlərə yenidən baxılması Ermənistanın maraqlarına əhəmiyyətli dərəcədə kölgə sala bilər. Həmsöhbətimizin fikrincə, İran və Rusiya ilə münasibətlər kontekstində xeyli diqqətli olmalıyıq.
Bəs Ermənistan nə edir? Təəssüf ki, Nikol Paşinyan və komandası Ermənistanı faktiki olaraq geosiyasi piyadaya çevirir, bunun nəticəsində geosiyasi münaqişə meydanına çevrilmək təhlükəsi yaranır. İranla münasibətləri gücləndirmək, hətta dost ölkə ilə hərbi təlimlər keçirmək əvəzinə, sonuncunun rəqibi ABŞ ilə təlimlər keçirilir və Qərbə yaxınlaşma gücləndirilir. Bu, son dərəcə təhlükəli ola bilər”.