Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi Rusiyanın səhvi idi.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Məndə belə bir təəssürat yaranıb ki, iki ölkə arasında münasibətlərdə ciddi fasilə yaranıb və bu, çox subyektiv xarakter almağa başlayıb. Putinlə Paşinyan münasibətlərində nəsə baş verib. Rusiya tərəfi artıq Paşinyana etibar eləmir. Nə baş verdiyini deyə bilmərəm, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur.
Bir şey bəllidir: iki ölkənin rəhbərliyi arasında soyuqluq var. Bilmirəm, bəlkə də bu, ermənilərin planlaşdırdığı siyasətə görədir, hesab edirəm ki, bir çox hallarda günahkar erməni tərəfidir, bu da özü bir çox neqativ proseslərə səbəb olub. Ermənilər Qarabağ və digər məsələlərdə Moskvaya qulaq asmadılar, öz siyasətlərini apardılar, sonra hər şeyi bizim üstümüzə atdılar. Əlbəttə, səhvlərimiz olub, amma Paşinyanın dediyi dərəcə və ya səviyyədə deyil”, - ekspert bildirib.
Tarasov qeyd edib ki, Rusiyanın bütün tənqidləri ermənilərə yox, Baş nazir Nikol Paşinyan və komandasına yönəlib.
Ermənilərin Rusiyada çox yaxşı yaşadıqlarını söyləyən politoloq onların ölkəsi uğrunda Ukraynada döyüşdüklərini də etiraf edib.
“Paşinyanın hakimiyyətə gəlişi bizim səhvimiz idi. Paşinyanın hakimiyyətə gələcəyini bilirdik, Moskva bilirdi, amma o prosesin qarşısını almaq üçün heç nə etmədi. Həmçinin biz bundan sonra nə olacağını da bilirdik. Bir sözlə faciə...”, - Tarasov vurğulayıb.
Bununla belə, ekspert iddia edir ki, Rusiya indiki mərhələdə Paşinyanın uzaqlaşdırılmasında maraqlı deyil.
Ermənipərəst politoloq Qarabağın Azərbaycan ordusu tərəfindən azad edilməsindən məyusluğunu gizlətməyib.
Tarasov separatçı çıxışında Qarabağın azad ediləsini “səhv” adlandırıb və o, hesab edir ki, Rusiya bunun qarşısını almalıydı:
“Döyüşlərə imkan verdik, müharibəni dayandırmadıq. Minsk qrupunun üzvləri olaraq bütün üzvləri səfərbər etməli və müharibəni dayandırmalıydıq, Azərbaycana xəbərdarlıq etdik. Minsk qrupunun bütün üzvləri çox gec, müharibə başlayanda addımlar atmağa çalışdılar. Bu, səhv idi”.