44 günlük müharibə və 2023-cü ilin antiterror tədbirləri adekvat düşünməyə qadir olan beynəlxalq aktorları Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməyə vadar etsə də, bəziləri hələ də yeni müharibə nəticəsində vəziyyəti dəyişəcəklərinə ümidlər edirlər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, intensiv şəkildə kənardan gətirilən hərbi texnikalar Ermənistanda yerləşdirilir:
“Əldə edilən məlumata görə, son bir neçə ayda Hindistan və Fransadan Ermənistana ən yeni hərbi texnikalar daxil olmağa davam edib. Təkcə son 3-4 həftədə Fransanın 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər Ermənistana gətirilib. Hazırda Ermənistan ordusunda “Sezar” özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib.
Fransa silahları Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. İranın “Merage” aviaşirkəti buradan silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar.
Həmçinin Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları (“Bunkerfaust” kimi də tanınır), eləcə də “Panzerfaust”ları verib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-dan 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib.
Hindistan hərbi texnikalarının da İranın Bəndər Abbas dəniz limanı vasitəsilə Ermənistana çatdırılması davam edir. Beləliklə, adları çəkilən dövlətlərin guya gizli fəaliyyətləri artıq ifşa edilib. Bu qruplar Ermənistanı silahlandıraraq “erməni məsələsi” adı altında öz maraqlarını reallaşdırmaq arzusundadır”.
Zaur Məmmədov təəssüflə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində separatizm və terroru seçən bu aktorlar siyasətin çirkab bataqlığında olmalarına baxmayaraq, suları bulandırmaqda israrlıdır:
“Ermənistan ordusunun son həftələrdə şərti sərhəddə Azərbaycan sərhədçiləri və ordusu istiqamətində atəş açmaları, bəzi dairələrin işğalçı silahlı qüvvələrdə yaratdıqları arxayınçılığın nəticəsidir.
Sual yaranır: bu gün 29 000 kvadrat kilometr ərazidə mövcud olan Ermənistan niyə Azərbaycanla sülh müqaviləsi bağlamır, əvəzində silahlanır? Cavab aydındır!
Rəsmi Bakının səbri tükənməz deyil. Azərbaycan Zəngəzurda hücum xarakterli silahların toplanmasına imkan verməyəcək. Qərbi Zəngəzur silahsızlaşdırılmış bufer zona elan edilməlidir. Əks təqdirdə, Ermənistan xarici havdarları ilə birlikdə təxribatları bölgəni yenidən qanların axıdıldığı məkana çevirə bilərlər”.