Argentinalı hüquqşünas, Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycanda keçiriləcək COP29 ərəfəsində yenidən fəallaşıb.
Teleqraf.com xəbər verir ki, o, Ermənistandan olan bir sıra QHT-lərin nümayəndələri və Qarabağ separatçıları ilə görüşüb.
Növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəfə alan Okampo öz sayıqlamasında bir az da irəli gedərək separatçıları Azərbaycana qarşı döyüşə səsləyib, onları “torpağın sahibləri” adlandırıb.
Təxribatçı çıxışında Azərbaycanın Qarabağ iqtisadi rayonunun adını da təhrif edib.
Sitat: “Azərbaycan nə qədər bunun əksini iddia etsə də, “Artsax xalqı” (separatçılar – red.) torpağın sahibidir və hər şey bizim döyüşə nə qədər hazır olmağımızdan asılı olacaq”.
Luis Moreno Okampo 44 günlük vətən müharibəsindən sonra xaricdəki erməni diasporunun maliyyəsi ilə üzə çıxarılan provakatorlardan biridir. Xüsusilə ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirlərindən öncə və sonra Azərbaycana qarşı təxribatçı və separatçı fəaliyyətini genişləndirməyə cəhd etmişdi. Bütün təxribatçı səyləri nəticə verməyən Okampo COP29 ərəfəsində yenidən fəallaşdırılıb. Təsadüfi deyil ki, onun separatçı ünsürlərlə görüşündə müzakirə etdiyi məsələlərdən biri də bu olub. Görünür COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi ermənilərlə yanaşı, o da özünə dərd edib.