Rusiyanın Ermənistan ərazisindən keçən dəhliz (Zəngəzur) məsələsini yenidən aktuallaşdırması İrəvanın təbliğat maşınına zərbə oldu. Çünki İrəvan Bakının məsələnin müvəqqəti olaraq gündəmdən çıxması barədə açıqlamasını “ciddi diplomatik uğur” kimi təqdim edirdi.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
Onun sözlərinə görə, İrəvan 10 noyabr bəyanatını Baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” projesi ilə tutuşdurmağa çalışsa da, heç kim bunu ciddiyə almır.
Akopyan Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı aktiv səylərinə diqqət çəkib:
“Rusiyanın əsas məqsədi statusundan asılı olmayaraq bu marşrutu nəzarətə götürməkdir. Yəni dəhlizin geosiyasi rəqiblərinin əllərinə keçməsini istəmir.
Azərbaycan və Türkiyənin də son məqsədi bu dəhlizin açılmasıdır. Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və məqsədlərinə çatmağa çalışacaqlar”.
Politoloq hesab edir ki, Rusiya 10 noyabr bəyanatını əsas götürərək, hələlik Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçməsinə mane olur.
“Bu arada, İran Ankara və Bakıya öz ərazisi vasitəsilə alternativ təklif edərək dəhliz məntiqinə zidd olduğunu bildirir. Tehran da Rusiyanın yola nəzarət etməsinə qarşı çıxa bilər. Amma İran baxımından Qərbin nəzarətindənsə, Rusiyanın nəzarəti daha məqbuldur. Buna görə də, 10 noyabr bəyanatı İran üçün faydalı ola bilər”, - Akopyan əlavə edib.
Erməni şərhçinin qiymətləndirməsinə görə, dəhliz istənilən halda açılacaq, sual onun de-yure, yoxsa de-fakto olması ilə əlaqəlidir.