Qərbin dağıdıcı təsiri nəticəsində Ermənistanın üçtərəfli işçi qrupu (Azərbaycan-Rusiya-Ermənistan) çərçivəsində fəaliyyəti səngiyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Əminik ki, qrup çərçivəsində tam əməkdaşlığın mümkün qədər tez bərpası nəinki Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya sisteminin bərpasına kömək edəcək, həm də bütün regionun gələcək sosial-iqtisadi inkişafını təmin edəcək”, - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Moskva bu problemin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamət üzrə təhlükəsizliyə təminat verir”, - Zaxarova qeyd edib.
Diplomat nəqliyyat rabitəsinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən həyata keçiriləcəyini, tərəflərin razılığı ilə Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat yollarının tikintisinin təmin ediləcəyini vurğulayıb.
Zaxarova əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətinin əsasında məhz bu məntiq dayanır: “Qrup çərçivəsində mühüm praktik nəticələr əldə etmək, Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkilinə yaxınlaşmaq mümkün olub”.
Həmçinin o iddia edib ki, üçtərəfli işçi qrupu Ermənistanda (Zəngəzur) ekstraterritorial dəhlizlərin yaradılması məsələsini heç vaxt müzakirə etməyib: “Əksinə, ölkələrin öz ərazisindən keçən marşrutlar üzərində suverenlik və yurisdiksiyaya malik olması razılaşdırılıb”.