Xalqlarımız arasında münasibətlərin kökü əsrlərə dayanır. İki müstəqil dövlət kimi əlaqələrimizin tarixi 35 ildir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu tarixi kəsimdə hər iki dövlətin çox çətin dövrləri olub: "Bu gün biz bu münasibətlərin faydasını görürük, istər ikitərəfli, istər regional səviyyədə. Sabah Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıya səfərə gələcək və yeni layihələr barədə müzakirələr aparılacaq. Ölkələr arasında XXI əsrin əsas inkişafını müəyyən edən fiber-optik xətlərin formalaşması istiqamətində Azərbaycan və Gürcüstan arasında xeyli sayda layihə həyata keçirilir".
O vurğulayıb ki, bir sıra qlobal layihələrin həyata keçirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli əlaqələr qurulur:
"Hesab edirəm ki, sabah X hökumətlərarası komissiyanın iclasında yeni təşəbbüslər barədə ətraflı fikir mübadiləsi olacaq".
C.Bayramovun fikrincə, Azərbaycan və Gürcüstan əməkdaşlığı artıq özünü təsdiqləyib: "İki ölkənin iştirakı ilə qlobal miqyasda çox vacib layihələrə imza atmışıq. Azərbaycan və Gürcüstan uğur və nailiyyətlərə rəğmən yeni istiqamət və yeni layihələrin axtarışındadır. Uğurlu olmaq üçün rəqabətə davamlı olmalıyıq. Mən bir qədər əvvəl Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın iştirakı ilə həyata keçirilən layihə barəsində danışdım. Hər bir ölkə öz üzərinə düşən işi layiqli şəkildə icra edəcəyi təqdirdə digər enerji marşrutlarını üstələyə bilərik".