"Ölkələrimizin liderləri arasında müntəzəm görüşlər keçirilir və bu, olduqca önəmlidir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, sabah Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək:
"Sabah cənab prezident İlham Əliyevlə gürcü Baş nazir İ.Kobaxidze arasında görüşü baş tutacaq. Eyni zamanda, hökumətlərarası forum da keçiriləcək. Bundan başqa, parlamentlərarası əməkdaşlıqdan da danışmaq olar. Hesab edirəm ki, ölkələrimiz arasında əlaqələr inkişaf edir. Məmnunluqla deyə bilərik ki, Azərbaycan şirkətləri Gürcüstanda əsas investorlardandır. Bu illər ərzində Gürcüstana 3.6 milyard dollar dəyərində investisiya qoyulub. Bundan başqa, iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 1 milyard dollar həcmində olub”.