Azərbaycanın Koreyadakı Səfirliyi Seul şəhərində yerləşən “Milenium Seul Hilton” mehmanxanasında 28 May – Respublika Günü və Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin yaranmasının 23-cü ildönümü münasibətilə rəsmi qəbul keçirib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Koreya Respublikasının Okean və Balıqçılıq məsələləri üzrə naziri Yu Ki-Cun , hökumət və dövlət rəsmiləri, Seulda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər, Koreyanın universitet və beyin mərkəzlərinin, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin rəhbərliyi, mətbuat nümayəndələri, Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəmzi Teymurov 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. Səfir həmçinin, müasir Azərbaycan dövlətinin müstəqilliyini əldə etdiyi dövrdə üzləşdiyi çətinliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə çıxış edərək, Azərbaycanın Heydər Əliyev və prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi uğurlu inkişaf yolu barədə danışıb.
R.Teymurov Azərbaycan-Koreya münasibətlərinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, mədəni, siyasi, təhsil və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini və çoxsaylı yüksək səviyyəli səfərlərin həyata keçirildiyini bildirib.
Koreya hökuməti adından çıxış etmiş nazir Yu Ki-Cun Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Nazir Azərbaycan və Koreyanın yaxın keçmişdə bir çox çətinliklərlə üzləşmələrinə baxmayaraq, öz milli kimliklərini qoruyub saxladıqlarını və bu gün tərəqqi və inkişaf yolunda inamla irəlilədiklərini bildirib.
Tədbir çərçivəsində həmçinin “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı keçirilib.