16 İyul 2015 17:51
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyevin başçılıq etdiyi nümayəndə heyəti Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilmiş “İnkişafın Maliyyələşdirilməsi üzrə Üçüncü Beynəlxalq Konfrans”da iştirak edib.

AİDA-dan verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Şıxəliyev konfransın keçirilməsinə və göstərilmiş qonaqpərvərliyə görə Efiopiya hökumətinə minnətdarlığını ifadə edərək, bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, yoxsulluğun aradan qaldırılması və digər vacib istiqamətlərdə mühüm strateji tədbirlər həyata keçirib və ciddi nailiyyətlər əldə edib. Ə.Şıxəliyev Azərbaycanın həm regionda, həm də region xaricində aparıcı iqtisadi qüvvəyə çevrildiyini, iri regional layihələrin təşəbbüskarı və sərmayədarı olduğunu önə çəkib. O eyni zamanda Azərbaycanın yeni donor ölkəsinə çevrildiyi və dünyanın donorlar ailəsinə qoşulduğu bildirilib.

Ə.Şıxəliyev Azərbaycan dövlətinin Heydər Əliyev Fondu və AİDA vasitəsilə dünyanın müxtəlif ölkələrinə yardımlar göstərdiyini və bu yaxınlarda 3 Afrika ölkəsinə “Ebola” epidemiyası ilə mübarizə üçün yardım etdiyini vurğulayıb. Bu günədək Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsi AİDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalanıb.

AİDA agentliyinin rəhbəri ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, konfrans Efiopiya hökuməti və BMT baş katibliyinin birgə təşəbbüs və təşkilatçılığı ilə keçirilib. Konfransın keçirilməsində əsas məqsəd 2015-ci il sonrası inkişaf gündəliyinin həyata keçirilməsinə dəstəyin və töhfənin verilməsi üçün müzakirələrin aparılmasıdır. Tədbirdə dünya ölkələrinin yüksək dövlət nümayəndələri ilə yanaşı, bir çox inkişaf agentlikləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri iştirak edib. Eyni mövzuda ilk konfrans 2002-ci ilin martın 18-22-də Meksikanın Monterrey şəhərində, ikinci konfrans isə 2008-ci ilin 29 noyabr-2 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər