30 Oktyabr 2015 15:28
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsil işçiləri, ali təhsil müəssisələri hər zaman mediaya açıq olmalıdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyəti də daim medianın diqqətindədir. Universitetimiz hər bir media əməkdaşı ilə əməkdaşlıq etməkdə maraqlıdır. Çünki biz bu əlaqənin təhsil üçün önəmini anlayırıq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bu ali təhsil müəssisəsində keçirilən “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda keçirilən dialoq konfransda deyib.

Rektor bu əlaqələrin formalaşmasında Təhsil Nazirliyinin rolundan da danışıb. Daha sonra çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin olması vacibliyinə toxunub:

“Biz uzun müddət bütün ali təhsil müəssisələrində mətbuat xidmətlərinin yaradılması üçün müzakirələr apardıq. Sonda buna nail olduq. Bu gün, demək olar ki, bütün ali təhsil müəssisələrində bu xidmət var. Mətbuat xidmətləri media nümayəndələrinin təhsillə əlaqələrini möhkəmlədir. Bu gün sosial şəbəkə mətbuatın bir parçasına çevrilib. Özüm də sosial şəbəkələrin istifadəçisiyəm. Universitetlərin mətbuat xidmətləri rəhbərlərinin sosial şəbəkədə aktivliyini müşahidə edirəm. Sosial şəbəkələr artıq mətbuatın işinə müəyyən qədər təsir edir. Bunun mətbuatda xaos, yoxsa problem yaradacağı sual doğurur. Sosial şəbəkədə yayılan informasiyaya görə məsuliyyət daşınması da müzakirə mövzusudur. Bunu gələcək göstərəcək. Hazırda isə bu əlaqələrin mövcudluğunun ikitərəfli əlaqələrə müsbət təsir etdiyini müşahidə edirik”.

Daha sonra çıxış edən “İKİ sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə görüşlərin ikitərəfli münasibətlərin formalaşmasında son dərəcə önəmli olduğunu deyib.

“Bu gün ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəallığını müşahidə edirik. Xüsusən Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dillər Universitetlərini bu sıraya əlavə etmək olar. Digər ali məktəblərin mətbuat xidməti rəhbərlərinin də bu cür əlaqələr qurmasını istəyirik”.

Medianın fəaliyyətinə toxunan baş redaktor bu sahədə də müəyyən problemlərin olduğunu deyib. Bu problemlərin həlli üçün Mətbuat Şurasının gördüyü işlərdən danışıb:

“Sağlam şəkildə fəaliyyət göstərən media orqanlarının Mətbuat Şurasına qəbul edilməsi üçün 3 aylıq monitorinqlər aparılacaq. Çünki milli təhlükəsizlik, ordu və s. məqamlarla bağlı informasiyalara həssas yanaşmaq lazımdır. Təəssüf ki, bu gün yalan informasiyalar yayan mətbuat orqanları var”.

Təhsil eksperti Şahlar Əsgərov son vaxtlar media və təhsil işçiləri arasında əlaqələrin diqqət mərkəzində olduğunu bildirib. Ekspert bu əlaqələrin təhsilin inkişafındakı rolundan danışıb: “10 il əvvəl kimsə belə bir konfransda təhsildə rüşvət var deyəndə az qala həmin insan daşqalaq edilirdi. Lakin bu gün nazirlik özü bunu etiraf edir və bununla mübarizə aparır. Bu, 10 ildə təhsil sahəsinin nə qədər inkişaf etdiyini göstərir. Hesab edirəm ki, bu inkişafda Təhsil Nazirliyi ilə mətbuatın əlaqəsi mühüm rol oynayır”.

Tədbirdə çıxış edən “Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı media, cəmiyyət və təhsil əlaqələrinə toxunub:

“Media cəmiyyətdən ayrı deyil. Media təhsil və cəmiyyətin göstəricisidir. Cəmiyyət necədirsə, media da o vəziyyətdədir. Təhsil də mediada əksini tapır. Biz sovet dövrünün məzunlarıyıq. Həmin dövrdə jurnalistika fakültəsinin məzunu olmayanlar jurnalistikanı məzunlardan daha yaxşı bilir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirənin səviyyəsi məndən 20 pillə yuxarı olmalıdır. Son 20 ildə jurnalistika fakültəsini bitirənlər cümlə qura bilmirlər. Bu gün gənclər kitab oxumaq istəmir. Medianın funksiyası jurnalisti öyrətmək deyil. Bizim yetərincə funksiyalarımız var. Bundan çıxış yolu tapmaq lazımdır. Aparıcı media qurumları jurnalistika fakültələri ilə əlaqələri sıxlaşdırmalıdır. Bu məsələdə ali məktəblərə dəstək verməliyik”.

Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova bildirib ki, jurnalistika fakültəsinin tədris prosesində dəyişiklik edilməlidir:

“Bu gün jurnalistika fakültəsində klassik təhsil veririk. Magistraturada nəzəriyyə öyrədilə bilər. Lakin bakalavr pilləsində praktik dərslər olmalıdır. Biz bu gün yenilikləri tətbiq etməkdə çətinlik çəkirik. Çünki tədris klassik üsulla aparılır. Bu yaxınlarda Türkiyə ali təhsil müəssisələrində olduq və orada tədris tam fərqlidir. Hesab edirəm ki, jurnalistika təhsilində fərqli tədris üsulu tətbiq etməliyik. Ola bilər ki, köhnə sistemi tam ləğv edib, tam yeni sistem tətbiq edək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.


Təlim konfransında Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın “Daxili kommunikasiya və sosial şəbəkələr”, BDU-nun doktorantı Turac Əliyevanın “Daxili PR - təşkilat daxili yazışmaların aparılması”, “ADA” Universitetinin rektorluq aparatının rəhbəri, mətbuat xidmətinin rəhbəri əvəzi Şəfəq Mehrəliyevanın və Azərbaycan Müəllimlər İnstitutunun mətbuat xidmətinin rəhbəri Nürəddin İbrahimovun “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr işi: problemlər və yeni çağırışlar“, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun “Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinləniləcək və təlimlər keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər