12 Mart 2016 10:32
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 11-də Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Xəzər dənizində vəziyyət və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu kimi hərəkətlərlə mübarizə istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Müzakirələr zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zərurliliyi qeyd olunmuş, tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları vurğuladılar ki, Xəzər dənizində hər-hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi Xəzər dənizinin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və stabilliyin təmin olunmasına xidmət edəcəkdir.

Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər