“Biz gecə-gündüz hərbçilərimizin sağlamlığının keşiyindəyik. Səyyar hospitala daxil olan yaralıların yaralanma dərəcəsini təhlil edərkən belə qənaətə gəldim ki, düşmən hərbçilərimizə qarşı dağıdıcı silahlardan istifadə edib”.
Bunu Azərbaycan Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, adətən müharibə zamanı ağır yaralanmanın dərəcəsi 10-12 faiz olmalıdır: “Müşahidələr göstərdi ki, bizdə bu 40-45 faizə çatıb. Bu, bir daha sübut edir ki, erməni işğalçıları döyüşlər zamanı iriçaplı və daha dağıdıcı silahlardan istifadə edirlər. Məsələn, döyüş zamanı yaralanmış bir əsgərin bədənində 40-a yaxın qəlpə var idi. Peşəkar cərrahların səyi nəticəsində qəlpələrin hamısı əsgərin bədənindən təmizləndi”.
F. Babayev qeyd edib ki, ən müasir tibbi avadanlıqlar və texniki vasitələr onların işini asanlaşdırır, hərbi əməliyyatların uğurla həyata keçirilməsini təmin edir.