Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib: "Sizi görməyimə çox şadam. Ümidvaram ki, Azərbaycana səfəriniz maraqlı keçir. Təmsil etdiyiniz bir çox şirkət uzun illərdir ki, ölkəmizdə fəaliyyət göstərir. Bir sözlə, biz bir-birimizi tanıyırıq. MEDEF ilə Fransada, o cümlədən Bakıda keçirdiyim görüşlər xatirimdədir. Bu, artıq dördüncü görüşümüzdür və bu göstərir ki, aramızda mütəmadi təmaslar var. Bu, çox yaxşı haldır, çünki ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə tərəfdaşlığın, əməkdaşlığın inkişaf etdirilməsində birgə, ümumi maraqlarımız var. Lakin təbii ki, münasibətlərimizin kökündə siyasi əlaqələrimiz dayanır. Çox şadıq ki, Fransa ilə Azərbaycan arasında münasibətlər yaxşı tarixə malikdir. Bu, fəal əməkdaşlıq və tərəfdaşlıq tarixidir.
Yəqin ki, bilirsiniz, Prezident Olland Azərbaycana iki dəfə, Prezident Sarkozi isə bir dəfə səfər etmişlər. Mənim Fransaya bir neçə dəfə səfərlərim - dövlət, rəsmi və işgüzar səfərlərim olub. Aramızda olduqca fəal siyasi dialoq, məsləhətləşmələr mövcuddur və bu əlaqələr dərin iqtisadi əməkdaşlıq üçün şərait yaradır. Müxtəlif sahələrdə zəngin təcrübə toplamışıq. Əməkdaşlıq, əslində, neft və qaz sahəsində başlayıb. Ən böyük fransız sərmayələri, əlbəttə ki, neft və qaz sahəsinin payına düşür. Lakin təbii ki, biz iqtisadiyyatın şaxələndirilməsi prioritetini nəzərə alaraq, digər sahələrdə də daha çox sərmayə görmək istərdik. Əminəm ki, bu səfərdən sonra bizim reallaşa biləcək daha çox layihələrimiz olacaq".
Dövlətimizin başçısı qeyd edib ki, lakin iqtisadi əməkdaşlığımız artıq kifayət qədər müxtəlifdir və nəqliyyat, hava nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos sahələrini əhatə edir: "Fransız şirkətləri bizə kosmos sənayesinin yaradılmasında kömək göstərirlər. Biz ilk peykimizi orbitə çıxarmışıq. Siz artıq ikinci peyki hazırlayırsınız. Əməkdaşlığımızı, həmçinin kənd təsərrüfatı sektorunda da başlamaqda ümidlərimiz böyükdür. Artıq bir neçə kiçik layihələr başlayıb. Bunun böyük potensialı var və bu, ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan üçün prioritetlərdən biridir".
İlham Əliyev bildirib ki, humanitar və təhsil sahəsində yaxşı əməkdaşlığımız mövcuddur: "Ümidvaram ki, Bakıda Fransız Liseyinə səfər etmək imkanınız olacaq. Bu lisey tərəfdaşlığımızın müsbət nümunəsidir. Biz, həmçinin birgə universitetin yaradılması üzərində çalışırıq. Ağ Şəhər çərçivəsində yaradılan fransız məhəlləsi də çox gözəldir. Bu, bir növ Parisin bir guşəsini xatırladır. Əgər səfər etmək imkanınız olarsa, bu, maraqlı məkandır. Xüsusən də nəzərə alsaq ki, həmin ərazi yüz il əvvəl orada tikilmiş neftayırma obyektlərinin olması ilə əlaqədar əvvəllər "qara şəhər" adlanırdı. Bütün ətraf yerlər isə çirklənmişdi. İndi həmin layihə "Ağ Şəhər" adlanır. Onun rəmzi adı var. Həmin layihənin böyük, hətta nəhəng hissəsində Paris məhəlləsinin salınması nəzərdə tutulur. Əlbəttə ki, humanitar sahə hər hansı biznes fəaliyyətini birbaşa yaratmır. Lakin o, dostluq əlaqələrinin, daha çox anlaşmanın və tərəfdaşlığın yaradılmasında çox mühüm rol oynayır.
Ümidvaram ki, hazırda biz diqqətimizi əməkdaşlığımızın, artıq qeyd etdiyimiz enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələri ilə yanaşı, Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəldə bilərik. Yəni, neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk. Son illər ərzində, fikrimcə, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur".
Prezident deyib ki, son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb: "Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılmışdır. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərmişdir. Bu, əsasən, əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. İndi isə qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq üç-dörd dəfə azalmışdır. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir və hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır. Bu, artıq baş verir".
Dövlət başçısı vurğulayıb ki, hazırda maliyyə vəziyyəti sabitdir: "Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. 2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Biz sərmayədarların maraqları ilə ölkəmizin maraqları arasında tarazlığı tapmalıyıq. Bu günə qədər, fikrimcə, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Dəfələrlə qeyd etdiyim kimi, biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur.
Əlbəttə, zəngin enerji resurslarına malik olmayan inkişaf etmiş ölkələrin, o cümlədən Fransanın təcrübəsi yaxşı bir nümunədir. Əminəm ki, gələn illər ərzində Azərbaycanda neft və qazdan asılılıq o qədər də gözəçarpan olmayacaq. Bir sözlə, mən belə bir böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyinizə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, fransız şirkətlərinin ölkəmizə marağının yaxşı göstəricisidir. Biz də fransız şirkətləri ilə işləməkdə eyni dərəcədə maraqlıyıq. Ümidvaram ki, çox maraqlı görüşləriniz olacaq və bu görüşlərin nəticəsində bizim yeni layihələrimiz, müqavilələrimiz olacaq və əməkdaşlığımız yeni səviyyəyə qalxacaq. Bir daha xoş gəlmisiniz!"
Sonra Fransanın Azərbaycandakı səfiri Orelia Buşez çıxış edərək deyib: "Cənab Prezident, MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Döbonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinizə görə Sizə təşəkkür edirik. Qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi və burada təmsil olunan sektorların müxtəlifliyi iqtisadi əməkdaşlığımızın dinamikasını nümayiş etdirir. Lakin Sizin vurğuladığınız kimi, həqiqətən də Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələr möhkəm təməli olan yüksək keyfiyyətli əlaqələrə əsaslanır. Biz bilirik ki, Prezident Ollandın 2014-2015-ci illərdəki səfəri bizim davam etdirmək əzmində olduğumuz bir çox layihələrin təməlini qoydu. Mən, həmçinin vurğulamaq istərdim ki, Azərbaycana səfər bu yaxınlarda burada olmuş Fransanın dövlət katibi Arlem Dezirdə böyük təəssürat yaradıb. Çox təşəkkür edirik və mən sözü MEDEF-in prezidentinə vermək istərdim".
MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbon deyib: "Cənab Prezident, bütün həmkarlarım adından nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, qeyd etdiyiniz kimi, Siz bu masanın arxasında olan Fransa şirkətlərini, bütün fəaliyyət seqmentlərini çox yaxşı tanıyırsınız. Biz bir daha Sizin ölkənizdə fəaliyyətimizi davam etdirməyə, əlaqələri daha da inkişaf etdirməyə hazır olduğumuzu nümayiş etdirmək istərdik. Qeyd etdiyiniz kimi, dialoq çox zəngin olub və düşünürəm ki, iki ölkə arasındakı əlaqələr etimad, hörmət və deyə bilərik, bağlılığa əsaslanır. Düşünürəm ki, bu, fəaliyyətin inkişafını davam etdirmək üçün çox yaxşı başlanğıcdır. Sizin Davosdakı çıxışınız ölkəni dəyişmək və yeni islahatlara başlamaq üçün çox aydın mesaj idi. Təşəkkür edirəm".
Prezident İlham Əliyev deyib: "Biz Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışırıq. Çünki 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi. 1994-cü ildə hökumətimiz Azərbaycanı dünyaya açan "Əsrin kontraktı" adlanan müqaviləni imzaladı. Bu, bizə sərmayələri cəlb etmək, iqtisadiyyatı sabitləşdirmək imkanı yaratdı. 1996-cı il artıq resessiyanın dayandığı ilk il oldu. 1996-cı ildən etibarən ölkəmizdə iqtisadi artım dövrü başladı".
Dövlət başçısı qeyd edib ki, ən surətli artım 2000-ci ilin ortalarında oldu: "Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi. Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi. Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik. Yol infrastrukturuna gəldikdə, minlərlə kilometrlik, bəlkə də, on min kilometrdən artıq yollar çəkilib. Bütün bunlar inkişaf, yenidənqurma və yerli, xarici sərmayə şirkətləri üçün yaratdığımız əsaslar oldu. Hazırda elə bir vaxtdır ki, biz qeyri-neft sektoruna heç vaxt görünməmiş dərəcədə diqqət yetirməliyik. Ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik. Bu səbəbdən, hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır.
Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı, ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub. Biznes mühitinin yaxşılaşdırılması, şəffaflıq, qəbul edilmiş ciddi qərarlar, Dünya Bankının "Doing Business" hesabatında reytinq göstəriciləri... Davos Dünya İqtisadi Forumun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. Bir sözlə, nailiyyətlər əldə edilib. İndi isə biz daha çox işlər görməliyik. Əlbəttə, enerji faktoru öz mühüm rolunu oynamaqda davam edəcək. Hazırda biz böyük vəsaitlər tələb edən "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçiririk və öz vəsaitlərimizdən milyardları onun həyata keçirilməsinə yönəltməliyik. Lakin bu, uzunmüddətli strateji layihədir. Bununla yanaşı, hazırda biznes fəaliyyətinə şərait yaradacaq layihələr mühüm əhəmiyyət kəsb edir".