20 May 2016 12:55
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən Amnistiya Aktına dair müzakirələri yekunlaşdırıb.

Teleqraf.com xəbər verir ki, deputatların hamısı Amnistiya Aktına səs verib.

I vitse-spiker Ziyafət Əsgərov təşəbbüsə görə, Mehriban Əliyevaya təşəkkür edib, ona can sağlığı arzulayıb.

***

Mehriban Əliyeva: “Amnistiya Aktı 10 min məhkumu əhatə edəcək”

Amnistiya Aktının təşəbbüskarı Mehriban Əliyeva parlamentdə çıxış edib.

O, bildirib ki, Amnistiya Aktı 10 min məhkuma şamil ediləcək: “28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatında mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirib və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsinə yazılmasında və tanınmasında müstəsna xidmətləri olub. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Ümumilli lider Heydər Əliyev Xalq Cümhuriyyətinin ideyalarını yaşadaraq, onun varisi olduğunu təsdiq etmiş və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb.

Azərbaycan xalqının xöşbəxtliyi onda olub ki, müstəqil dövlətçiliyinin müqəddaratının həll edildiyi ağır günlərdə - 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib.

Son zamanlar Heydər Əliyev Fonduna ünvanlanmış məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin çoxsaylı müraciətləri ilə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir.

Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktlarının qəbul edilməsinin təşəbbüskarı olub. Belə ki, Azərbaycan respublikasının Milli məclisi tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində, 2013-cü il 7 may tarixli qərarla 10.040 məhkum barəsində amnistiya aktı qəbul edilib. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah olunmasının stimullaşdırıb,əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanıb”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, amnistiya aktı komitədə müzakirə edilib: “Sənəd çox peşəkarlıqla hazırlanıb. Fondun bu təşəbbüsləri məhkumların sayının azalmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu, respublikada ictimai sabitliyinin qorunmasına xidmət edir. Hər 100 min nəfərə düşən məhbusa görə, ölkəmiz MDB ölkələrindən irəlidədir və Avropa ölkələri ilə eyni səviyyədədir. Bu, müsbət göstəricidir. Aministiya Aktının verilməsi bu müsbət göstəriciyə pozitiv təsir edəcək. Əgər əvvəlki Amnistiya Aktında 2 min nəfər azadlığa çıxırdısa, bu layihədə 3 mindən çox adam azadlığa çıxacaq. Ancaq ağır və xüsusilə ağır cinayətlər törədən şəxslərə bu, şamil oluna bilməz. Hüquq fəlsəfəsində də, əslində belədir. Qərar iyunun 15-də qüvvəyə minəcək. Qərarın ümumi icra müddəti 4 aydır. Ancaq ümid edirəm ki, qərarı icra edən orqanlar bunu daha tez müddətdə yerinə yetiriləcək. Minlərlə insan yenidən cəmiyyətə qovuşacaq”.

***

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, iclasın gündəliyinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət daxildir.

Milli Məclisin I Vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, gündəlikdə cəmi bir məsələ var: “28 May Respublika Günü münasibəti ilə Amnisitiya Aktı barədə qanun layihəsi. Müzakirəyə keçməzdən öncə bir məqamı qeyd etmək istərdim. 1995-ci ildən bu günə qədər 61 əfv fərmanı, 10 Amnistiya Aktı qəbul edilib. Bu, Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Amnistiya Aktlarından üçünü Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul etmişik. Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə dördüncü Amnistiya Aktı müzakirə edilir”.

Qeyd edək ki, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir.

10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər