3 İyun 2016 22:47
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, sədr qonağı salamlayaraq Türkiyənin yeni - 65-ci hökumətinin Baş naziri seçilməyi münasibətilə təbrik edib, ona bu şərəfli və məsuliyyətli vəzifədə Türkiyə xalqının rifahı naminə uğurlar arzulayıb.

Spiker Azərbaycan-Türkiyə münasibətlərini Ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" ifadəsinin təcəssümü kimi dəyərləndirib: "Dövlət başçıları arasındakı səmimi münasibət əlaqələrimizin inkişafına da öz müsbət təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev son 4 ayda Türkiyəyə 4 dəfə səfər edib. Qardaş Türkiyə dövlətinin başçısı isə 11 ildə Azərbaycana 11 səfər həyata keçirib. Bütün bunlar əlaqələrimizin strateji xarakter daşıdığının göstəricisidir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da öz təsirini göstərir. Təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları həcmində olub. Biz gələcəkdə bu göstəricini dəfələrlə artırmaq niyyətindəyik.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Bu yaxınlarda Almaniya parlamentində uydurma "erməni soyqırımı" ilə əlaqədar qəbul edilmiş qərar Azərbaycan ictimaiyyətinin də hiddətinə səbəb olmuşdur. Bütün bunlar dünyada mövcud olan ikili standartlardan xəbər verməklə yanaşı, həm də uydurma faktlardan istifadə edərək, bir sıra ölkələrə təsir etmək kimi cılız məqsədlər güdür".

O.Əsədov bildirib ki, Milli Məclislə Türkiyə parlamenti arasında əlaqələrimiz yüksək səviyyədədir: "Heç də təsadüfi deyil ki, Milli Məclisə yenidən sədr seçildikdən sona mən ilk səfərimi Türkiyəyə etdim. Türkiyənin yeni seçilmiş spikeri İsmail Kahraman da 2015-ci ilin dekabrında Azərbaycana ilk səfərini edib. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi, deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələri təqdirəlayiqdir.

Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ probleminin həllində Türkiyənin Azərbaycanın yanında olmasını biz həmişə hiss etmişik və inanırıq ki, bu məsələdə haqq-ədalət tezliklə öz yerini tapacaq".

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Baş naziri B.Yıldırım yeni vəzifədə Azərbaycana ilk səfərini etdiyini və bundan qürur duyduğunu söyləyib.

Qonaq qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar göz önündədir: "Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi layihələr buna parlaq misaldır. Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatına böyük yatırımlar edir. "Star" neft emalı zavodu layihəsi bu fikri bir daha təsdiqləyir. Bu gün layihənin reallaşmasında 15 mindən çox insan çalışır. Azərbaycanla Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim bu dostluğa, bu qardaşlığa zərər yetirə bilməz".

B.Yıldırım Almaniya parlamentində uydurma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Azərbaycan tərəfinin mövqeyini yüksək dəyərləndirərək deyib: "Tarixi tarixçilərə buraxmaq lazımdır. Baş vermiş hər hansı bir hadisədən 100 il sonra onun üzərində siyasət qurmaq olmaz". Bildirildi ki, yaxın tarixdə baş vermiş Xocalı soyqırımına göz yuman bu siyasətbazlar uzaq keçmişdəki uydurma hadisələrə qiymət verməyə cəhd göstərirlər.

B.Yıldırım Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diqqət çəkərək, bu ilin aprel ayında Azərbaycan ordusunun cəbhə xəttində əldə etdiyi uğurları yüksək qiymətləndirdi, Ulu Tanrıdan şəhidlərimizin ruhuna rəhmət dilədi. Qonaq xüsusi vurğuladı ki, Türkiyə ilə Azərbaycan birlikdə istənilən problemi həll etməyə, istənilən hədəyə sinə gərməyə qadirdir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər