Azərbaycan yenə qətiyyət sərgiləyəcək
Bu gün və sabah Rusiyanın ən böyük kurort şəhəri - Qara dəniz sahilində yerləşən Soçidə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın görüşü nəzərdə tutulub. Görüşdən öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putinlə ayrı-ayrılıqda, daha sonra üçtərəfli şəkildə görüşəcəklər.
Həmsədrlər görüşdə iştirak etməyəcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriye (Fransa) bu görüşdə iştirak etməyəcəklər. Bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb. Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.
İlham Əliyev Soçiyə müzəffər gedir
Qeyd edək ki, Soçi görüşü Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində - cəbhə bölgəsində son günlər yaşanan gərgin olaylar fonunda baş tutur. Prezidentlərin Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə görüşəcəyi gözlənilsə də, Soçidə görüş barədə təşəbbüsün qəfildən meydana çıxması da məhz cəbhədəki gərginliklə bağlıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhədə gərginliyin davam etdiyi bir məqamda Ağdam rayonuna səfər etməsi, buradakı “N” saylı hərbi hissəyə gəlməsi, verdiyi mesajlar Azərbaycanın düşmənin təxribatlarına layiqincə cavab verdiyinin göstəricisidir. Prezident hərbçilərlə söhbət zamanı bir neçə gün bundan əvvəl erməni hərbçilərinin namərdcəsinə mövqelərimizə soxulduğunu, lakin Azərbaycan hərbçilərinin onların layiqli cavablarını verdiyini bildirib. Ali Baş Komandan döyüşdə qəhrəmancasına həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verib, ən müasir silah və hərbi texnika ilə təchiz olunan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonra da düşmənin bütün həmlələrini dəf edəcəyini diqqətə çatdırıb. “Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür” deyən Ali Baş Komandan bildirib ki, Azərbaycan torpaqlarından ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan qalib gəlmək iqtidarındadır. “Bizim ən böyük gücümüz əsgərlərimizin vətənpərvərliyidir və Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir”, - deyən dövlət başçısı qeyd edib ki, xalqımız ordunu sevir , ona inanır və güvənir. Sonra Prezident, Ali baş komandan İlham Əliyev əsgər və zabitlərlə xatirə şəkli çəkdirib. Daha sonra Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə müzəffər yollandığını söyləməyə tam əsas verir.
“Erməni ordusu ictimai rəydə də çox ciddi məğlubiyyətə uğradı”
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də bildirib ki, Soçi görüşü məhz cəbhə bölgəsində - təmas xəttində baş verən hərbi təxribatlarla birbaşa bağlı olan görüşdür. Onun sözlərinə görə, Soçi görüşü məhz Ermənistan tərəfindən yaradılan süni təxribatın nəticəsi olaraq meydana çıxıb: “Ona görə düşünürəm ki, Azərbaycan Prezidenti Soçi görüşündə bu məsələlərə konkret olaraq aydınlıq gətirilməsi və bundan sonra gərginliyin davam etməməsi mövqeyindən çıxış edəcək. Mən Soçi görüşünü Rusiyanın birbaşa geosiyasi maraqları kimi dəyərləndirirəm. Çünki bu hadisələr təkcə Qarabağ münaqişəsi ilə bağlı deyil. Bu hərbi təxribat Ukraynada Qərb-Rusiya qarşıdurması kontekstində baş verib. Dağlıq Qarabağ cəbhəsində baş verən hərbi təxribatlar da Ermənistan dövlətinin və Sərkisyan hakimiyyətinin maraqlarına uyğun deyil. Çünki cəbhədə baş verənlər kontekstində onsuz da əhali arasında reytinqi aşağı olan Sərkisyan hakimiyyəti daha da çətin vəziyyətə düşdü. Çünki Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərbə alan Ermənistan ordusu ictimai rəydə də çox ciddi məğlubiyyətə uğradı. Hazırda İrəvan şəhərinin əsas hava limanı olan ”Zvartnos"da təyyarələr vasitəsilə Ermənistanı tərk edən əhalinin sayının birdən-birə kəskin artması onu göstərir ki, artıq Ermənistan əhalisinin həm iqtisadi, həm də hərbi cəhətdən perspektivsizliyi duyaraq çox ciddi surətdə ölkəni tərk etməyə başlayıblar".
“Azərbaycan Soçi görüşünə həvəssiz yanaşır”
Politoloq Qabil Hüseynli deyib ki, Ali Baş Komandanın cəbhə bölgəsinə səfəri və səsləndirdiyi fikirlər hərbçilərimizdə böyük ruh yüksəkliyinə səbəb olub. Onun sözlərinə görə, hərbçilərimizdə çox yüksək döyüş ruhu var və onlar istənilən anda erməni təcavüzkarlarının hücumunu dəf etməyə hazırdırlar. Q.Hüseynli qeyd edib ki, eyni zamanda Ali Baş Komandan Soçi görüşünə qədər ordu qarşısında həm taktiki həm də strateji məqsədlər qoyub.
Q.Hüseynli onu da bildirib ki, Azərbaycan tərəfi bu görüşə həvəslə yanaşmır: “Soçi görüşünün gündəliyinin müəyyənləşdirilməməsi, nəyin müzakirə ediləcəyi müəyyənləşmədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə getməyə tələsmir. Hətta cüzi ehtimalla deyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə getməyə də bilər”.
“Sərkisyan bu dəfə özünü başqa cür aparmağa məcburdur”
Politoloq Elşad Mirbəşiroğlunun fikrincə, Soçi görüşü əvvəlki keçən görüşlərdən müəyyən parametrlərə görə fərqlənir. O qeyd edib ki, görüşün cəbhədə vəziyyətin gərgin olduğu bir dövrdə keçirilməsi nəzərdə tutulur: “Bu günə qədər keçirilən görüşlərin heç birində belə gərgin vəziyyət olmamışdı. Bildiyiniz kimi avqust ayının əvvəllərində açıq döyüşlər getdi və onun ardınca bu görüşün keçirilməsi gündəmə gəldi. Bu özü-özlüyündə münaqişəyə müəyyən təsir göstərəcək. Bu, dünyaya göstərdi ki, Azərbaycan özünü müdafiə etmək iqtidarındadır. Düşünürəm ki, Ermənistan prezidenti özünü bu görüşdə digər görüşlərdən fərqli aparmaq məcburiyyətindədir. Əgər genişmiqyaslı müharibə başlayarsa, Rusiya Ermənistanın aqibətini çox yaxşı bilir. Hesab edirəm ki, bu görüşdə hər hansı razılaşma olacaq. Bu razılaşma konkret münaqişənin sona çatması ilə bağlı olmayacaq. Düşünürəm ki, atəşkəsin uzadılması müzakirə olunacaq. Bundan əlavə stabilliyin təmin olunması əsas məsələlərdən olacaq. Azərbaycan daha qəti şəkildə münaqişənin tənzimlənməsinin ilkin şərti kimi özünün ərazi bütövlüyünün təmin olunmasını vurğulayacaq”.
Politoloq qeyd edib ki, cəbhə bölgəsindəki sonuncu olaylar da Azərbaycanın xeyrinə müəyyən irəliləyişlərin olacağına əsas verir: “Digər tərəfdən isə Rusiya hazırkı məqamda özünün pozitiv imicini formalaşdırmaq naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bir addım ata bilər.Rusiya bu gün beynəlxalq miqyasda Ukraynanın Cənub Şərqində birbaşa iştirakda qınanılır. Bu baxımdan Rusiya özünü sülhsevər tərəf kimi göstərmək naminə münaqişənin tənzimlənməsində müəyyən addım ata bilər”.
48-ci görüş
Onu da bildirək ki, prezidentlər səviyyəsində danışıqlar formatının əsası 1999-cu ildə qoyulub. O vaxtdan Azərbaycan və Ermənistanın dövlət başçıları arasında 47 dəfə görüş keçirib. Budəfəki görüş sayca 48-cidir.
Səxavət HƏMİD