9 Avqust 2014 13:21
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ölkə liderinin görüşündə ikitərəfli əməkdaşlığın ən vacib məsələləri müzakirə olunacaq

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkənin ən böyük kurort şəhəri olan Soçiyə səfər edəcək. Rusiyanın “İzvestiya” qəzetinin yaydığı məlumata görə, səfərin əsas məqsədi sambo üzrə beşinci - yubiley turnirində iştirak etməkdir. Nəşr qeyd edir ki, yarışda Rusiya, Qazaxıstan, Fransa, ABŞ, Litva, Latviya, Belarus və Braziliyadan olan idmançılar iştirak edəcək.

Yarış “Platforma” idman-əyləncə kompleksində keçiriləcək. Turnirin kuliminasiya nöqtəsi sambo üzrə dördqat dünya çempionu Vyaçeslav Vasilevski ilə braziliyalı samboçu Maykl Falkao arasındakı qarşılaşma olacaq. Belə ki, 2012-ci ildə turnirin yarımfinalında braziliyalı idmançı rusiyalı rəqibinə qalib gəlib.

Qəzet qeyd edir ki, Putin yarışı Soçiyə təşrif buyuracaq qonaqları ilə birgə izləyəcək. Nəşri məlumatlandıran mənbə bildirib ki, bu sırada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan da ola bilər: “Ancaq, əlbəttə, hər şey Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılacaq üçtərəfli danışıqların uğurla nəticələnib-nəticələnməyəcəyindən asılı olacaq”.

Mənbə qeyd edib ki, 2012-ci ildə Kazanda o vaxtkı prezident Dmitri Medvedyevin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra İ.Əliyev və S.Sərkisyanın da rusiyalı həmkarla birgə cıdır üzrə Prezident Kubokunu izləməsi planlaşdırılmışdı. Lakin, danışıqların müvəffəqiyyətsizliklə başa çatması Medvedyevin ippodroma yalnız Sərkisyanla getməsi ilə nəticələnmişdi.

Bundan əlavə, Rusiya prezidenti V.Putin yarışmanı izləmək üçün Soçiyə səfər edəcək bir sıra digər ölkələrin liderləri ilə də görüşlər keçirəcək.

Belə ki, Putin Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparacaq.

Kreml görüşün keçiriləcəyini təsdiqlədi

Dünən Kremlin mətbuat xidməti də Rusiya və Azərbaycan prezidentləri arasında görüşün keçiriləcəyini təsdiqləyib. Mətbuat xidmətinin yaydığı məlumata görə, Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev avqustun 9-da Soçidə görüşəcəklər. Eyni gün V.Putinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşü keçiriləcək.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli əməkdaşlığın ən vacib məsələlərinin müzakirəsi, xüsusən enerji, investisiyalar və regionlararası kooperasiya sahəsində qarşılıqlı faydalı layihələrin inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır.

S.Sərkisyanla görüşdə isə siyasi, iqtisadi-ticarət və humanitar əlaqələrin bundan sonrakı inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması prosesinə xüsusi diqqət yetiriləcək.

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər