14 Yanvar 2015 11:17
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldar İbrahimov: “Ölkə prezidentinin söylədiyi fikirlər 2015-ci ilin Azərbaycan üçün daha uğurlu olacağına əminlik yaradır”

Novruz Aslanov: “Prezidentin məqsədyönlü siyasəti xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir”

“2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər, təbii ki, 2015-ci ildə də davam edəcək.

Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcək. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaq. Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız, əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaq”.

Bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir”

Prezident bildirib ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir: “Son illər ərzində əsas prioritetlər arasında biz həmişə makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik”.

“Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir”

Dövlət başçısı qeyd edib ki, manatın məzənnəsi bir çox məsələlərin həlli üçün Azərbaycana imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, ölkə əhalisinin rahat yaşamasını təmin edir: “Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir”.

“İsrafçılığa yol verilməməlidir”

Prezident bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolunun xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir.

Xüsusilə bir daha demək istəyirəm ki, 2015-ci il dünya üçün asan il olmayacaq. 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək.

Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların bu layihələrə ehtiyacı var. Bu da lazımdır. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir.

Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar".

“2015-ci ildə bütün sosial proqramlar tam həcmdə icra ediləcək”

Prezident son illərdə ölkəmizin sürətli inkişafını təmin etmək üçün iqtisadiyyata böyük vəsait yönəldildiyini vurğulayıb: “Hesab edirəm ki, bu, düzgün siyasət idi. Bu siyasət bugünkü reallıqları təmin edir. İnfrastruktur layihələrinə, real sektora qoyulan vəsait bu gün işləyir və biz bu vəsait hesabına ümumi iqtisadi inkişafımızı təmin edirik. 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcək”.

Ölkə prezidenti, həmçinin qeyd edib ki, 2015-ci ildə Azərbaycan ordu potensialını daha da gücləndirəcək: “Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək.

Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik".

Prezident çıxışını bu sözlərlə bitirib: “Biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq”.

“Həyata keçirilən siyasət 2015-ci ilin daha uğurlu olacağına əminlik yaradır”

İclasda prezident İlham Əliyevin etdiyi çıxışa münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov ötən ilin respublikamızın sosial iqtisadi, ictimai-siyasi, elmi, humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin il olduğunu deyib. O əlavə edib ki, ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə edilib.

E.İbrahimov bildirib ki, dövlət başçısının Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, dinamik artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və ölkədə maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınıb. Onun sözlərinə görə, ölkəmizin inkişaf konsepsiyası sosial proqramların genişlənməsi və əhalinin yaşayış imkanlarının yaxşılaşması baxımından böyük əhəmiyyət daşıyır: “Ölkəmizdə xalqın sosial vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri, ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır. Bütün bunlar isə ölkəmizin ümumi inkişafına öz töhfəsini verən bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların cəlb olunmasının genişlənməsi və rəqabət mühitinin daha da yaxşılaşdırılmasına şərait yaradır. Ölkə prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlər 2015-ci ilin Azərbaycan üçün daha uğurlu olacağına əminlik yaradır”.

“Qarşıdakı illər Azərbaycan üçün daha uğurlu olacaq”

Milli Məclisin Aqrar siyasət komitəsinin digər üzvü Novruz Aslanov isə bildirib ki, müstəqil Azərbaycan tarix baxımından çox qısa dövr ərzində böyük inkişaf yolu keçib. O qeyd edib ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır.

N.Aslanov bildirib ki, ölkədə hüquqi, demokratik dövlət quruculuğu, bazar iqtisadiyyatının inkişafı və bütün digər sahələrdə genişmiqyaslı islahatlar davam etdirilir. Onun sözlərinə görə, insan hüquqları və azadlıqları da etibarlı surətdə təmin edilir: “Bütün sahələrdə əldə etdiyimiz uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Prezidentin məqsədyönlü siyasəti xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliymizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Böyük əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu, daha böyük nailiyyətlərlə zəngin olacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər