Ölkə başçısının tapşırığı ilə yanacağın qiymətlərindəki artımın ləğvi müsbət qərar kimi dəyərləndirildi
Məlum olduğu kimi, yanvar ayının 12-də Tarif Şurası "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanuna uyğun olaraq, neft məhsullarının tariflərinə baxmış və tarif tənzimlənməsi aparmışdı. Vergi Məcəlləsinə olunan dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulmuşdu.
Tarif Şurasının qərarı ilə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilmişdi. Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvədə idi.
Lakin Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif Şurasının növbədənkənar iclası keçirilib, neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.
Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
"Dövlət başçısı müdrik addım atdı"
Prezident İlham Əliyevin tapşırığı əsasında yanacağın qiymətində artımların ləğv edilməsi müsbət qarşılanıb.
Millət vəkili Vahid Əhmədov Prezidentin təşəbbüsünü müdrik addım hesab edir: "Ölkədə yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasında verilən qərarın ləğvi çox müdrik və vaxtında atılan addımdır. Məsələ hələ Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunanda bunun əleyhinə idik. Çünki söhbət təkcə benzinin qiymətinin artmasından deyil, həm də onun nəticələrindən gedir. Bundan istifadə edənlər müxtəlif səbəblərdən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətini artırırlar. Bunu son iki gündə bir daha hiss etdik. Belə nəticələr ciddi narazılığa səbəb olacaqdı. Ona görə də dövlət başçısı, məlum qərarını müdrik bir addım kimi dəyərləndirirəm".
Vahid Əhmədov deyir ki, yanacağın qiymətində 2 qəpik artımla dövlət büdcəsinə təxminən 60-70 milyon manat vəsait daxil olacaqdı ki, bu da elə böyük rəqəm deyil: "Ancaq bu artım ərzaq və digər məhsulların qiymətinin bahalaşmasına gətirə bilərdi. Bunun subyektiv və obyektiv səbəbləri var.
Obyektiv səbəb odur ki, qiymətlər hər məhsulun maya dəyərində yanacağın qiymətinə uyğun olaraq artırılır. Ancaq bəzi insanlar vəziyyətdən istifadə edərək satdığı məhsulun qiymətini bahalaşdırır ki, bu subyektiv səbəbləri aradan qaldırmaq asan olmur. Hətta ümumi qiymətlərin 20-30 faiz yüksəlməsi ehtimalı da vardı".
Millət vəkilinin sözlərinə görə, bu, ciddi problem idi və əhali arasında geniş müzakirəyə səbəb olmuşdu: "Hesab edirəm ki, cənab Prezident çox humanist və düşünülmüş qərar qəbul elədi".
"Dəfələrlə bu cür humanist addımların şahidi olmuşuq"
Milli Məclisin deputatı Sədaqət Vəliyeva da qərarı müsbət qarşılayıb: "Ölkə başçısı növbəti dəfə humanist addım atdı. Prezidentin tapşırığına əsasən, Tarif Şurasının növbədənkənar iclasının keçirilməsi, neft məhsullarının qiymətlərinə yenidən baxılması və tariflərin tənzimlənməsi barədə yeni qərarın qəbulu dövlət başçısı İlham Əliyevə olan inam və etimadı daha da gücləndirdi".
Millət vəkilinin sözlərinə görə, bu cür tapşırıq verməklə ölkə başçısı dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edib: "Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas aparıcı xəttidir.
Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq insanları düşünür. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, dəfələrlə cənab İlham Əliyevin bu cür humanist qərarlarının şahidi olmuşuq. Ölkə əhalisinin "mavi yanacağ"a görə olan borcunun silinməsi, keçmiş SSRİ banklarında qalmış əmanətlərin qaytarılması və sair buna misal göstərilə bilər".
Deputat vurğulayıb ki, ölkə başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti kimi xalqımızın ona göstərdiyi etimadı fəaliyyəti boyunca doğruldur və növbəti addım da bunun bir nümunəsi oldu.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradovun fikrincə, ölkə başçısının siyasi iradəsi bir daha göstərdi ki, Azərbaycanda gedən iqtisadi-siyasi proseslər Prezident İlham Əliyev tərəfindən diqqətlə izlənilir.
Deputat hesab edir ki, Prezidentin bu yanaşması insanların gündəlik həyatına müsbət təsir edəcək: "Düzdür, Tarif Şurasının qaldırdığı qiymət elə də böyük deyildi, amma bu, ümumiyyətlə, istər kənd təsərrüfatı, istər ərzaq təhlükəsizliyi, istərsə də digər məsələlərdə öz müsbət təsirini mütləq göstərəcək".
"Bu, dövlətin öz vətəndaşının qayğıları ilə yaşadığını sübut edir"
"İlham Əliyevin tapşırığına əsasən, Tarif Şurasının yanvarın 12-də qəbul etdiyi qərara yenidən baxması günün əsas xəbəri oldu". Millət vəkili Aydın Mirzəzadə yeniliyi belə şərh edib.
Daha sonra millət vəkili deyib: "Tarif Şurası vaxtilə ləğv edilmiş yol vergisini, sadəcə, yanacağın qiymətinin üstünə gəlməklə benzinin qiymətini kiçik məbləğdə qaldırırdı. Ancaq bəzi işbazların bundan sui-istifadə etməsi nəticəsində qiymətlərin müəyyən qədər qaldırması əhvali-ruhiyyəsi hiss edildi və bundan siyasi məqsədlər üçün yararlanmaq istəyənlər tapıldı. Bu situasiyada cənab Prezident Tarif Şurasının qərarına yenidən baxılması ilə bağlı tövsiyə verdi və məlum qərar ləğv edildi.
Yol vergisinin yanacağın qiymətindən çıxılması ilə bağlı olan boşluğu isə yəqin ki, hökumət başqa mənbələrdən taparaq məsələni həll edə biləcək. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti özünün iqtisadi inkişafını qiymət artımı və ya yükü əhalinin üzərinə qoymaqla deyil, düzgün və səmərəli iqtisadi siyasət aparmaqla həll edə bilər".
Millət vəkili deyir ki, dünyada iqtisadi böhran getdiyi və iqtisadi cəhətdən kifayət qədər güclü olan bir çox dövlətlərin milli valyutalarının qiymətdən düşdüyü ərəfədə Azərbaycan dünyada ən stabil milli valyutaya malik ölkələrdəndir: "Ötən il Azərbaycanın valyuta ehtiyatı hətta xeyli artıb. Mən cənab Prezidentin qərarını düzgün sayıram və hesab edirəm ki, bu cür məsələlərdə cəmiyyətin əhvali-ruhiyyəsinin nəzərə alınması dövlətin vətəndaşının qayğıları ilə yaşadığını sübut edir.
Prezidentin operativ reaksiyası onun daim cəmiyyətin əhvali-ruhiyyəsini nəzərə aldığından xəbər verir. Hökumətin özünün həll edə biləcəyi məsələləri digər mənbələr hesabına yoluna qoyması daha düzgündür. Hər bir məsələyə cənab Prezidentin vaxtında reaksiya verməsi, həmin məsələnin daha düzgün həlli yollarını göstərməsi Azərbaycanda həm dövlətçiliyin, həm də iqtisadi inkişafın düzgün istiqamətdə getdiyini göstərir".
"Prezident bu dəfə də həssaslıq və diqqət göstərdi"
Milli Məclis sədrinin müavini Bahar Muradova da məsələyə münasibət bildirib: "Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət nümayiş etdirdi".
Vitse-spikerin fikrincə, Prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırdı: "Hesab edirəm ki, cənab Prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə bu dəfə də sadiqlik göstərdi. Bu, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür.
Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi münasibətilə bütün yanacaq istifadəçilərini təbrik edirəm. Hesab edirəm ki, bu qısa müddətdə onların büdcəsinə elə bir ciddi ziyan dəymədi. Lakin bu faktın özü cənab Prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi mən də öz adımdan ona təşəkkür edirəm"
Qeyd edək ki, qərar 15 yanvar 2015-ci il tarixindən qüvvədədir.
Naibə QURBANOVA