14 Aprel 2015 11:53
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycandan Vatikana sərt cavab

Roma Papası I Fransisk uydurma "erməni soyqırımı"nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib. Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.

Mərasimdə iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan Papanın nitqini minnətdarlıqla qarşılayıb.
I Fransiskin qondarma "erməni soyqırımı" ilə bağlı söylədikləri rəsmi Ankaranın ciddi etirazına səbəb olub. Çıxışdan sonra Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Papanın çıxışının rəsmi Ankara tərəfindən xəyal qırıqlığı və üzüntü ilə qarşılandığı çatdırılıb. Bundan sonra Türkiyə özünün Vatikandakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

"Bu, düşmənçiliyə və nifrətə gətirib çıxarır"

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Roma Papasının bəyanatı Türkiyə üçün qəbuledilməzdir. O qeyd edib ki, dini əsaslar bu cür bəyanatlara səbəb olmamalıdır: "Bu düşmənçiliyə və nifrətə gətirib çıxarır".

"Papaya və təmsil etdiyi mövqeyə yaraşmır"

Baş nazir Əhməd Davudoğlu bildirib ki, dini liderlərin birinci vəzifəsi tarixi mübahisələr üzərindən yeni bir qarşıdurma və nifrət mühiti yaratmaqdansa, insanları birliyə, sülhə dəvət etmək olmalıdır. O, Vatikan rəhbərinin Türkiyəyə səfəri zamanı bu yöndə mesajlar verdiyini xatırladıb: "Ancaq təəssüflər olsun ki, müəyyən zaman ərzində ona edilən bəzi təsirlər və ya özünün tarix sahəsindəki məlumatsızlığı bugünkü açıqlamanı gündəmə gətirib".

Ə.Davudoğlu Papaya və xristian dünyasına çağırış da edib:
"Tarixi müzakirələr açmış olsaq, hər halda bundan daha çox utanc hissi keçirən Avropadakı ünsürlər olacaq. İnkvizisiya məhkəmələri və bununla əlaqədar İspaniyadan qaçan yəhudilərin və müsəlmanların sığındığı yer Türkiyə olub. Bu, 500 il əvvəl idi. Həmin illərdə İstanbul türklərin, ermənilərin, rumların və müsəlmanların, xristianların, yəhudilərin birlikdə sülh içində yaşadığı bir şəhər idi və bu hər zaman belə davam edirdi. Əgər xarici faktorlar olmasaydı, bəlkə də, 1915-ci ildəki acı hadisələr baş verməyəcəkdi. Bu hadisələri tək tərəfli qiymətləndirmək, sadəcə, insan övladının bir qisminin əziyyətlərinə sahib olub, digərlərinin üzərindən keçmək Papaya və təmsil etdiyi mövqeyə yaraşmır".

"Tarix siyasətə alət edilib"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Papa tərəfindən işlədilən ifadənin hüquqi gerçəkliyi yoxdur: "Təəssüflər olsun ki, Papa çıxışı zamanı çəkilən əziyyətlərlə bağlı ayrıseçkilik etdi. Türklərin və müsəlmanların çəkdiyi əziyyətlər, zülmlər və qarşılaşdığı ölümləri görməzliyə vurdular. Amma erməni olayları tarixilik çərçivəsindən çıxarıldı. Çox təəssüflər olsun ki, tarix siyasətə alət edilib. Hər şeydən əvvəl bir din xadiminin, xüsusilə son illər artan irqçilik, ayrıseçkilik, milli düşmənçilik və xoşgörüsüzlüyün əksinə olaraq, tolerantlıq, sülh və qardaşlıq mesajı verməsi lazım idi".

"Bu bəyanat dinlər arasında soyuqluğun yaranmasına da xidmət edə bilər"

Azərbaycan siyasətçiləri də Roma Papasının Türkiyənin əleyhinə olan mövqeyinə münasibət bildirib.
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Roma Papası bu bəyanatı verməzdən əvvəl götür-qoy etməli idi. Onun sözlərinə görə, bu cür yanlış bəyanatlar dinlər arasında soyuqluğun yaranmasına xidmət edir: "Erməni diasporu uzun müddətdir ki, qondarma "soyqırımı"nın tanıdılması ilə əlaqədar müxtəlif ölkələrdə və təşkilatlarda təbliğat işləri aparır. Onlar ayrı-ayrı ölkə başçılarını, din xadimlərini yoldan çıxararaq düzgün olmayan məlumatlar əsasında onların belə bəyanatlar verməsinə nail olmağa çalışırlar. Hər il çalışırlar ki, ABŞ prezidentlərini də belə bir bəyanat verməyə təhrik etsinlər, ancaq ABŞ prezidentləri heç vaxt bu qondarma "soyqırımı" tanımayıblar".

Millət vəkili Roma Papasının öz bəyanatlarında diqqətli olmasının vacibliyini qeyd edib: "Çünki Roma Papası dövlət başçısı olmaqla yanaşı, bütün dünya katoliklərinin rəhbəridir. Bu bəyanat dinlər arasında soyuqluğun yaranmasına da xidmət edə bilər".

"I Fransiskin cavabı vaxtında verilsəydi..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası məsələ ilə bağlı bəyanat verib. Roma Papasının fikirləri islamafobiyanın doğurduğu nəticələrdən biri kimi qiymətləndirilib.

Bəyanatda Fransiskin ən güclü erməni diasporunun olduğu bir ölkədə - Argentinada doğulduğu, uzun illər burada yaşadığı və fəaliyyət göstərdiyi xatırladılıb: "Argentina ictimai-siyasi və din xadimlərinin erməni diasporu tərəfindən daha çox satın alındığı ölkələrdən biri və bəlkə də, birincisidir".

BAXCP İdarə Heyətinin qənaətinə görə, Fransiskin fikirlərində bölücülüyə, qarşıdurmaya rəvac verə biləcək mülahizələrin yer alması dini-ekstremist dairələrin fəaliyyətindən heç də az təhlükəli deyil: "İŞİD, Əl- Şebab, Əl- Qaidə, Boko-Haram və digər ekstremist və cinayətkar qrupların fəaliyyəti dünyada islamın nüfuzunun artmasına, sivilizasiyalar və dinlərarası dialoqa nə qədər "xidmət" edirsə, Roma Papasının çıxışı da xristianlığa, dini konfessiyalararası münasibətlərin, humanizm prinsiplərinin qorunmasına bir o qədər və bəlkə də, daha artıq "xidmət" edir".

BAXCP İdarə Heyətinin bəyanatında Gürcüstanın Katalikos-Patriarxı II İliyanın erməni icmasının təmsilçiləri ilə görüşündə səsləndirdiyi fikirlərə də diqqət çəkilir: "Gürcüstan Patriarxı erməni icmasının nümayəndələri ilə təması zamanı Roma Papası ilə görüşündən danışıb və I Fransiskin dediklərindən belə bir iqtibas gətirmişdi: "Gürcüstan və Ermənistan islam dünyasının içərisində bir vadidir və onlar bir-birlərini müdafiə etməlidirlər".

BAXCP İdarə Heyəti hesab edir ki, Roma Papasının Gürcüstan Patriarxı tərəfindən ictimailəşdirilən bu fikirləri I Fransiskin nə qədər "Allah adamı" olduğunu sübuta yetirir: "Əgər I Fransiskin cavabı vaxtında verilsəydi, indi o, ahıl vaxtında növbəti dəfə xərifləməzdi. BAXCP bəyan edir ki, Roma Papasının Xocalıda və işğal altında olan digər Azərbaycan ərazilərində azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş hərbi cinayətkarların qarşısında qondarma "erməni soyqırımı"ndan tarixdə baş vermiş bir hadisə kimi söz açması, işğala, terorra, bəşəriyyət əleyhinə cinayətlərə haqq qazandırılması anlamına gəlir. Bu isə bütün dünyəvi dinlərin, o cümlədən xristianlığın təbliğ etdiyi humanizm prinsplərilə ziddiyyət təşkil edir, yalanın, zorakılığın, terrorun, işğalın doğura biləcəyi yeni-yeni fəlakətlərə, qarşıdurmalara yol açır".

"Papa tarixi ədalətsizliyə imza atdı"

Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Papanın çıxışı heç nəyi dəyişməyəcək: "Təəssüf ki, Papa I Fransisk heç bir tarixi əsası olmayan və Qərbin oyunu olan qondarma erməni soyqırımı haqqında cəfəng fikirlər səsləndirməklə, bununla da özünü erməni keşişi kimi təqdim etdi. Hansı soyqırımdan söhbət gedə bilər ki, o zaman öldürülən və soyqırıma məruz qalan türk xalqı olub. Maraqlıdır, Ermənistan və erməni lobbisi nədən Türkiyənin ortaq tarixi komissiyanın yaranmasına maraq göstərmir? Deməli, ermənilər yaxşı bilirlər ki, heç bir soyqırımı hadisəsi baş verməyib. Papa I Fransisk çıxışı ilə tarixi ədalətsizliyə imza atdı. O, əgər din xadimi idisə, çıxışını barış və sülh üzərində qurmalı, Ermənistanı ədalətli mövqe sərgiləməyə dəvət etməli idi. Ancaq I Fransisk ermənipərəst çıxışı ilə bir daha Vatikanın erməni məsələsində mahiyyətini ortaya qoydu".

Millət vəkilinin sözlərinə görə, ermənilərin son 150 ildə Anadoluda, Azərbaycanda, Güney Azərbaycanda, Türküstanda törətdikləri soyqırım siyasətinin izləri hələ də yaddaşlardan silinməyib: "Tapılan toplu məzarlıqlar onların vəhşiliklərini gerçək faktlarla sübut edir. Heç çox uzağa getməyək, 90-ci illərin sonlarında Qarabağda və Xocalıda yaşanan soyqırımı hadisələri ermənilərin əməllərindən xəbər verir. Bunu o zaman xarici mətbuat da yazırdı. Papa Xocalı soyqırımını görmək istəmir. Biz hər zaman qardaş Türkiyənin yanındayıq".

"Papanın keçirdiyi mərasimlə İŞİD-in tədbirləri arasında ciddi fərq görmürəm"

Politoloq Qabil Hüseynli Vatikan və ya katolik kilsəsi rəhbəri başçıları içərisində Papa I Fransisk qədər riyakar və tərəfkeş, müəyyən qədər də təxribata meyilli ikinci bir şəxs görmədiyini deyib. O, buna təəccüblənmədiyini diqqətə çatdırıb: "Çünki onun babaları vaxtilə İspaniyadan Argentinaya köçərək müstəmləkə halına salmış və yerli hinduları amansızcasına qırmış insanlardan olub. Bu mənada, o, soyqırımın nə demək olduğunu hamıdan yaxşı başa düşür. Onun qondarma erməni soyqırımını "XX əsrin birinci soyqırımı" adlandırması mənim üçün çox təəccüblü gəlir, gülünc görünür. Çünki bu adam həmin tarixi dövrü, zənnimcə, kifayət qədər öyrənə də bilməyib. Yalnız Argentinadakı erməni lobbisinin təsiri altında bu qənaətə gəlib və onların dediklərini təkrarlayır. Bu azmış kimi Vatikanda keçirilən ayinlərə Ermənistan prezidentini və erməni qriqoryan kilsəsinin katalikosunu da dəvət edib və bütünlüklə təziyəni qondarma soyqırımına həsr edib. Böyük bir katolik kilsəsi başçısının bu dərəcədə siyasiləşməsi tarixdə görünməyib. İndiki Papa Vatikan kilsəsinin bütün ənənələrinin üstündən xətt çəkdi və bu kilsənin dinlə deyil, bilavasitə siyasətlə məşğul olduğunu sübuta yetirdi. Nəticə etibarilə onun missiyasının sivilizasiyalararası barışığı, xalqlar arasında dostluğu, qardaşlığı dərinləşdirmək deyil, əksinə, dinləri, xalqları bir-birinə qarşı qoymaqdan ibarət olduğunu göstərdi. Bu fonda Papanın Vatikanda kilsədə keçirdiyi mərasimlə İŞİD-in tədbirləri arasında elə də ciddi bir fərq görmürəm. Papa xalqları biri-birinin üzərinə qaldırır, İŞİD isə İraqda, Suriyada din adına insanları edam edir".

Politoloq deyib ki, Papa I Fransisk Türkiyəyə səfəri zamanı "erməni soyqırımı" ilə bağlı Vatikanın neytral mövqe tutacağı ilə bağlı bəyanat vermişdi: "Amma birdən-birə bu addımı atması onun nə dərəcədə riyakar mövqe tutduğunu əyani surətdə göstərir. Zənnimcə, Vatikanın bu addımı dinlərarası toqquşmanı gücləndirəcək. Çünki katolik kilsəsinin rəhbərinin bu addımı bütün İslam dünyasında, obyektiv düşünən insanlar arasında ciddi etiraz doğuracaq. Vatikan kilsəsinin bu dərəcədə siyasiləşməsi orta əsrlər inkvizisiya dövrünə oxşar bir mənzərənin yarandığını göstərir. Bu addımı atmaqla Vatikan ən azından müsəlman dünyasında tamamilə nüfuzdan düşdü".


BƏXTİYAR


Müəllif: