Möhtəşəm idman bayramına saatlar qalıb
“Bakı-2015" birinci Avropa Oyunlarına həyəcanlı anlar qalıb. Cəmi bir gün sonra bütün Avropanın və dünyanın diqqəti ölkəmizdə olacaq. Möhtəşəm idman bayramını azərbaycanlılar coşqu ilə qarşılayır.
Azərbaycanın 60 regionunu dolaşan Avropa Oyunlarının məşəli iyunun 7-dən etibarən Bakıda səyahətdədir. Məşəl UNESCO-nun Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərdən sonra Heydər Əliyev Mərkəzinin binasının qarşısına gətirilib. Oyunların məşəlini Azərbaycanın məşhur heykəltəraşı və Xalq rəssamı Ömər Eldarov qəbul edib.
“Bu, mənim tərcümeyi-halım üçün çox əhəmiyyətlidir”
Ö.Eldarov məşəli qəbul etməsindən çox sevindiyini söyləyib. O, həyatında ilk dəfə olaraq məşəl daşıdığını qeyd edib: “Mənim yaşım kifayət qədər çoxdur, 87 yaşım var. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcümeyi-halım üçün çox əhəmiyyətlidir”.
Azərbaycanlı heykəltaraş I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün olduqca böyük tarixi hadisə olduğunu da deyib: “Məşəli qəbul edən şəxslər - biz hamımız sevinc içindəyik. Bu, bizim əhvalımızı yüksəldir. Narahat idim ki, birdən nəfəs almağım çətinləşər, yaxud xəstələnərəm. Amma hər şey gözəl oldu. Mən məşəli öz yolum üzrə apardım və onu növbəti şəxsə təhvil verdim. Mən bunu yerinə yetirdim və fəxr edirəm”.
Məşəl estafetinə Nizami küçəsindən start verilib. İlk olaraq ağırlıq qaldırma üzrə dünya çempionunun daşıdığı məşəl aktyor Tahir İmanova və Xalq artisti Ağaxan Abdullayevə ötürülüb. Yürüş Fəvvarələr meydanında Xalq yazıçısı Çingiz Abdullayevlə yekunlaşıb. Saat 14:00-da Qış Parkından bəstəkar, Xalq artisti Faiq Sücəddinov, şahmatçı Şəhriyar Məmmədyarov, güləşçi İlham Umayev və veteran gimnast Elşad Nərimanovun daşıdığı məşəl Heydər Əliyev Sarayının qarşısındakı parka gətirilib. Burada marafon bəstəkar, Xalq artisti Fərhad Bədəlbəyli ilə bitib.
Saat 14:00-da Heydər Əliyev Mərkəzinin qarşısındakı parkdan sərbəst güləş üzrə dünya çempionu Arif Abdullayevin başlatdığı estafeti yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Vitali Rəhimov yekunlaşdırıb.
Saat 15:30-da pianoçu, Xalq artisti Murad Adıgözəlov Filarmoniya Parkının qarşısından məşəlin növbəti estafetinə start verib. Veteran qılıncoynadan Yaşar Məmmədov, müğənni Röya Ayxan və Abbas Bağırovun da iştirak etdiyi yürüşü Funikulyorun qarşısından “Neftçi”nin sabiq futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevlə Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev davam etdirib. Oradan məşəli Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firudin Qurbanov, veteran futbolçu Yaşar Babayev, taekvondo üzrə dünya və Avropa çempionu Radik İsayev, yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Emin Əhmədov, Azərbaycan Güləş Federasiyasının digər vitse-prezidenti Elçin Cəfərov və veteran ağırlıqqaldıran Məmməd Hüseynov Şəhidlər xiyabanına çatdırıb. Yürüşü Dağüstü Parkda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yekunlaşıb.
Oyunlarda yarışacaq atletlərin böyük qrupu artıq Bakıdadır
Artıq Avropa Oyunlarında yarışacaq atletlər Bakıya gəliblər. Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniya, Finlandiya, Slovakiya, Estoniya, İrlandiya, Portuqaliya, Rumıniya, İsrail və Ermənistan idmançıları Azərbaycana gəlib. Onları Heydər Əliyev adına Hava Limanında “Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllülər qarşılayıblar.
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olub.
18 erməni idmançı Azərbaycana gəlib
Qeyd edək ki, I Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətində əvvəlcədən 28 idmaçının iştirak edəcəyi bildirilsə də, Bakıya 18 idmançı gəlib. Ermənilər idmanın boks, güləş, atıcılıq, sambo, cüdo növləri üzrə yarışacaqlar. Ermənistan iyunun 13-dən mübarizəyə qoşulacaq. İlk olaraq güləş üzrə kişilər arasında 59 kq Yunan-Roma Təsnifat Yarışlarında erməni güləşçi Roman Amoyan mübarizə aparacaq.
Qeyd edək ki, yarışlara kimi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.
Avropa Olimpiya Komitəsinin prezidenti də ölkəmizdədir
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki də Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qarşılayıb.
P.Hikki iyunun 12-də “Bakı-2015" I Avropa Oyunlarının açılış mərasiminə qatılacaq.
Qeyd edək ki, birinci Avropa Oyunları AOK-un rəhbərliyi və nəzarəti altında Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən təşkil olunub.
Boykot çağırışlarının arxasında Amerikadakı erməni təşkilatı durur
Onu da qeyd edək ki, Avropa ölkələrinin böyük maraq göstərdiyi bu mötəbər yarışa kölgə salmaq istəyən qüvvələr də var. Bakıda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur. Bunu Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün Twitter hesabında etiraf edib. A.Hamparyan Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları əhvalında olduğunu yazıb. Bununla yanaşı, A.Hamparyan Oyunları boykota çağırıb.
Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır və erməni terror təşkilatı olan ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edir. Qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilir.
NƏRGİZ