Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılır.
İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır.
İmtahanda 26 920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22 381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verir.
Abituriyentlərdən 24 074 nəfəri (I qrup üzrə 19 959 nəfər, IV qrup üzrə 4115 nəfər) Azərbaycan bölməsinin, 2846 nəfəri (I qrup üzrə 2422 nəfər, IV qrup üzrə 424 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15 809 nəfəri (I qrup üzrə 13 990 nəfər, IV qrup üzrə 1819 nəfər) oğlanlar, 11 111 nəfəri (I qrup üzrə 8391 nəfər, IV qrup üzrə 2720 nəfər) isə qızlardır. 26 200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.
Bakı şəhərində 11 942, Naxçıvanda 1206, Gəncədə 3181, Sumqayıtda 1733, Mingəçevirdə 1214, Şəkidə 1749, Ağcabədidə 925, Göyçayda 1349, Şirvanda 978, Lənkəranda 1574, Xaçmazda isə 1069 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və "facebook" səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.
İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.