İlham Əliyev daha bir dəfə Azərbaycanın xarakterini sərgilədi
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb. Prezident İlham Əliyev, həmçinin iclasda yekun nitqi söyləyib. Dövlət başçısı həm giriş, həm də yekun nitqində ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatı ilə bağlı fikirlərini bölüşüb.
Prezident deyib ki, bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir. Dövlət başçısı bildirib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub.
Çıxışında hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin müşahidə edildiyini, Yaxın Şərqdə qanlı toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu, bütün bunların da bizi düşünməyə vadar etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı da fikirlərini bölüşüb.
“Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk”, deyən dövlət başçısı Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin milli maraqlarının əsas götürüldüyünü bildirib.
Prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin öz xalqını əzdiyini və xuntanın xalqın hesabına varlandığını qeyd edib. Bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur və Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir, maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.
Dövlət başçısı Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə münaqişə ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu vurğulayıb: “Bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.
Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını deyən Prezident İlham Əliyev bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamafob siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəl niyyətin dayandığını diqqətə çatdırıb: “Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda ”beşinci kolon"un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər.
Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".
Dövlət başçısı bildirib ki, ilk Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmayıb. Almaniya Bundestaqında isə anti-Azərbaycan mövzusuna həsr olunan qətnamə qəbul edilib. Bu da bir daha ölkəmizi, onun uğurlarını gözdən salmağa salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsi idi: “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır”.
Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamənin də anti-Azərbaycan mövqeyini əks etdirdiyini deyən dövlət başçısı bu qətnamələrin heç bir əhəmiyyətinin olmadığını vurğulayıb: “Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.
“Azərbaycan öz maraqlarını qətiyyətlə müdafiə edəcəyini bəyan etdi”
Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışın bir çox vacib məqamları ilə diqqəti cəlb etdiyini deyib. O qeyd edib ki, Prezidentin çıxışı Azərbaycan xalqının milli maraqlarına tam cavab verir və dünya ilə bərabərhüquqlu münasibətlər kursunu bir daha təsdiq edir.
Milli Məclisin deputatı bildirib ki, qətiyyətimizin əsasını Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasi kurs təşkil edir: “Azərbaycan dünyaya öz maraqlarını bir daha qətiyyətlə müdafiə edəcəyini bəyan etdi. Bir sıra xarici dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri rədd edildi. AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə cəmiyyətimizin etirazı ortaya qoyuldu. Görünür, qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlara əlaqələrinə yenidən baxmalıdır. Bir sözlə, cənab Prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir”.
“Prezident xalqın mövqeyini ifadə edir”
“Cənab Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində söylədiyi hər bir fikirdə Azərbaycan xalqının mövqeyini birmənalı olaraq ifadə edir”.
Bunu isə Milli Məclisin deputatı Elman Məmmədov sözügedən müşavirədə müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, ölkə başçısı həm daxili, həm də beynəlxalq tədbirlərdə, görüşlərdə dəfələrlə deyib ki, Azərbaycan müharibə tərəfdarı deyil: “Rəsmi Bakı istəyir ki, münaqişənin həlli sülh yolu ilə ədalətli qaydada həll olunsun. Sülh yolu ilə ədalətli həll olunma ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Bundan sonra Dağlıq Qarabağa hansı statusun verilib-verilməməsi sonranın işidir. Söhbət bundan gedir. Artıq uzun illərdir ki, Ermənistan konstruktiv mövqe göstərmir”.
E.Məmmədov əlavə edib ki, rəsmi İrəvan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir: “Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşüb. Bəs belə olan təqdirdə Azərbaycan nə etməlidir? Azərbaycan öz torpaqlarını işğalçılardan, separatçılardan, cinayətkarlardan, terrorçulardan təmizləməlidir. Biz işğala son qoymağın birinci yolunu sülh danışıqlarında görürük. Ancaq bu sülh danışıları bir nəticə verməyəndən sonra Azərbaycan hərbi güc tətbiq edib ərazilərini işğalçılardan azad etməlidir. Bu hər an, hər gün aktual, qüvvədə olan bir fikirdir. Qoy bu işğalı Ermənistan da, ona havadarlıq, himayə edən dövlətlər də bilsinlər”.
“Prezidentin çıxışı sahibkarlara siyasi dəstək oldu”
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dövlət başçısının çıxışının iqtisadi məsələlərlə bağlı hissəsinə münasibət bildirib. A.Hüseynov hesab edir ki, Prezidentin sahibkarların müdafiəsinə yönələn çıxışı bu sahəyə olan siyasi dəstəyin bariz nümunəsidir: “Ölkədə aparılan iqtisadi strategiyanın başlıca məqsədi vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib. Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun büdcədəki payı tədricən neft sektoruna yaxınlaşır. Sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir. Bununla bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətin gücü, nüfuzu sahibkarların gəlirlərinin artmasından asılıdır. Yaxın gələcəkdə iqtisadiyyatımızın önəmli hissəsini özəl sektor təşkil edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, sahibkarlara mane olanlar dövlətə xəyanət edirlər. Bununla da ölkə başçısı göstərdi ki, sahibkarlara tək iqtisadi dəstək yox, güclü siyasi dəstək var. Hər bir məmurun, vətəndaşın borcu da odur ki, sahibkarlığın inkişafına öz töhfəsini versin. Prezidentin iclasda səsləndirdiyi fikirlər, tapşırıqlar çox yaxın zamanda nəticə verəcək. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, ölkə başçısı verdiyi tapşırığın, sərəncamın icrasına da nəzarət edir”.
Səxavət HƏMİD