Mirmahmud Mirəlioğlu: “Dövlət Baxçalı özü iştirak edə bilməsə də, müavinləri gələcək”
Avqustun 1-də Klassik Xalq Cəbhəsi Partiyasının növbəti qurultayı keçiriləcək. Qurultayda hansı məsələlərin müzakirə olunacağı, hansı qərarların veriləcəyi və sair məsələlərlə bağlı partiyanın sədri Mirmahmud Mirəlioğlunun fikirlərini öyrəndik.
Müsahibimiz bildirib ki, qurultay Əmircan qəsəbəsində - Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçiriləcək. Onun sözlərinə görə, qurultay sayca üçüncü olacaq: “Qurultayda nizamnaməyə uyğun olaraq məsələlərə baxılacaq. Partiya sədrinin, Mərkəzi-Nəzarət Təftiş Komissiyası sədrinin və Ali Məclis sədrinin hesabatı dinləniləcək. Bunun ardınca seçkilər keçiriləcək. Sədr seçkisi olacaq və MNTK-nın tərkibi müəyyənləşəcək. Eyni zamanda, Ali Məclisin rayon-şəhər şöbələrindən seçilmiş üzvlərinin təsdiqi olacaq. Ondan artıq qətnamə, bəyanat və müraciətimiz qəbul olunacaq. Qurultayımız KXCP-nin 55 rayon-şəhər şöbəsinin konfransının nəticəsi olaraq keçirilir. Rayon-şəhər şöbələrindən qurultaya 298 nümayəndə seçilib. Qonaqlarımız olacaq. Həm Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların sədrləri, həm tanınmış ziyalılar, istiqlalçı millət vəkilləri qurultayımıza dəvətlidirlər. Bəzi qisim ziyalılar və bəzi şəxslər indiki şəraitə görə burda olmadıqları üçün dəvətlərimizi qəbul etsələr də, iştirak edə bilməyəcəklərini bildiriblər. Bir qisim insanlar ölkədən kənarda yay istirahətindədirlər. Ona görə də Azərbaycandan dəvət olunan qonaqların müəyyən bir qismi hazırda Bakıda olmadıqları üçün iştirak edə bilməyəcəklər. Onlar da təbriklərini çatdırıblar. O cümlədən də Türkiyədən də Milliyətçi Hərəkat Partiyasının rəhbərliyindən nümayəndələr iştirak edəcəklər”.
M.Mirəlioğlu deyib ki, MHP sədri Dövlət Baxçalının adına dəvət məktubu ünvanlayıblar: “Bizdə olan ilkin məlumata görə, Dövlət bəy özü iştirak edə bilməsə də, müavinləri iştirak edəcəklər. Amma başqa cür də ola bilər”.
KXCP sədri YAP-ı qurultaya dəvət etməklərindən də söz açıb: “Bizim dəvətlərimiz əhatəlidir, hər kəsi dəvət etmişik. Doğrudur, istisnasız olaraq hər kəsi dəvət etmişik. Əvvəlki qurultaylar ərəfəsində YAP-ın dəvət olunması təklifi irəli sürülmüşdü, sadəcə, münasibətlər indiki kimi deyildi. Vəziyyət bir qədər başqa cür idi. Amma bizim ötən ilin dekabrından başladığımız bir kurs var. Yəni, görüşlər, münasibətlər, qarşılıqlı müzakirələr var. Bundan çıxış edərək əsaslandırdıq ki, bu müraciəti rəsmiləşdirək. Ona görə də bunu rəsmiləşdirdik. Əgər hazırda mövcud olan siyasi partiyalara istisnasız olaraq dəvət nəzərdə tutulursa, YAP niyə görə kənarda qalsın? Ona görə də bu müraciəti etmişik. İndi dəyərləndirərlər, gələrlərsə də sağ olsunlar, gəlməzlərsə də”.
M.Mirəlioğlu qeyd edib ki, əvvəl YAP-a dəvət göndərilməsi təklifi olsa da, bunu reallaşdırmaq çətin olub: “Münasibətlər sərin olub. Qarşılıqlı ittihamlar, qarşılıqlı qütbləşmə, sanki xüsusi keçilməzlər, psixoloji maneələr olub. Amma bu gün bunları dəf etdik”.
Qurultayda sədrliyə namizədlərin irəli sürüləcəyini deyən M.Mirəlioğlu bütün məsələlərin hamısına qurultayda baxılacağını vurğulayıb: “Bütün məsələrə qurultayda baxılacaq. Yəni, bizim tarixi qərarlarımız, ənənəmiz, nizamnaməmiz belədir. Qurultayda namizəd irəli sürülür və seçki keçirilir”.
Özünün namizəd olub-olmayacağı məsələsinə toxunan KXCP sədri “Qismət olsa, inşallah” deyib: “Əlbəttə, alternativimin olmasını da istəyirəm. Heç bir problem yoxdur. Əgər alternativim olsa, çox rahat olaram. Alternativ olsa, normal olar və normal da qəbul edərik. Heç bir problem də görmürük. Əvvəlki qurultaylarda da belə hallar olub. Böyük məmnuniyyətlə, çətinlik çəkmədən, rahatlıqla estafeti təhvil verə bilərəm. Ona görə ki, adam bir az fiziki olaraq da dincəlmək istəyir. Bildiyim qədər bu estafeti təhvil almaq istəyən adam var. Amma daha sonra istəyib-istəməyəcəyini qurultay göstərəcək. Yəni, bu təşkilatın kifayət qədər gücə, intellektə malik insanı var”.
M.Mirəlioğlu qurultayda Güney Azərbaycandakı vəziyyətlə bağlı iki sənədin müzakirəyə çıxarılacağını vurğulayıb: “Bunlardan biri dünya ictimaiyyətinə müraciət, digəri isə Güney Azərbaycanda insan haqlarının, Azərbaycan türklərinin vəziyyəti ilə bağlı qətnaməmizdir”.
M.Mirəlioğlu digər sənədləri də sadalayıb: “Şərqi Türküstanda baş verənlərlə bağlı qətnaməmiz olacaq. İraq və Suriya türkmənləri ilə bağlı qətnaməmiz olacaq. Qarşıdan gələn parlament seçkisi ilə də bağlı ayrıca qətnaməmiz olacaq. Bundan əlavə şəhərsalma ilə bağlı qətnamə layihəmiz var. Azərbaycanda, xüsusilə də Abşeronda şəhərsalma və digər məsələlərlə bağlı bir ekoloji katastrof var. Həmçinin, mövcud-ictimai siyasi durumla və Azərbaycanda aktuallıq kəsb edən və qurultayın səlahiyyətinə aid olan məsələlərlə bağlı qətnamə, bəyanat və müraciətlərimiz olacaq. Təbii ki, qurultay iştirakçıları qətnamə layihələrinə əlavə və düzəlişlər edəcəklər. Hələlik bütün bunlar layihə formasındadır”.
Səxavət HƏMİD