29 Sentyabr 2015 10:34
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama son iki ildə ilk dəfə olaraq, ikitərəfli görüş keçiriblər.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, görüş zamanı Ukrayna və Suriya böhranları müzakirə edilib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində baş tutan görüş planlaşdırıldığı kimi 50 dəqiqə deyil, bir saat yarım davam edib. Uzun sürən danışıqlar zamanı kəskin regional problemlərin həllinə nail olunmasa da, bu problemlərlə bağlı dialoq yüksək səviyyədə bərpa edilib.

Görüşdən sonra Putin jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, bundan sonra da İŞİD terror təşkilatı ilə mübarizədə Suriya prezidenti Bəşər Əsədə dəstək verəcək: "Bu dəstək yalnız terrorçularla mübarizə üçün verilir. Ekstremistlər və müxaliflərlə mübarizədə Rusiya Suriyanın daxili siyasətinə qarışmır. Rusiya və Amerika hərbçiləri Suriyada münaqişənin həlli üçün dialoq quracaq".

Putin jurnalistlərin Rusiyanın İŞİD ilə mübarizə üçün Suriyaya qoşun yeritməsi ilə bağlı sualını cavablandırıb: "Suriyada terrorçuluqla mübarizə siyasi məsələlərin həlli ilə paralel getməlidir. Ancaq Rusiya qoşunlarının Suriyaya yerləşdirilməsi və buradakı yerüstü əməliyyatlarda iştirakından söhbət gedə bilməz. Bizim bu münaqişənin həllində iştirakımıza gəlincə isə bunun üzərində hələ düşünürük. Əgər Rusiya Suriya böhranının həlli məsələsində iştiraka razılıq versə, bu, ancaq beynəlxalq normalar çərçivəsində həyata keçiriləcək. Bununla yanaşı mən hesab edirəm ki, ABŞ və onun tərəfdarlarının Suriyaya müdaxiləsi qanunsuzdur".

Rusiya prezidenti Əsədin prezidentlik postundan istefası məsələsinə də diqqət çəkib: "Mən həm amerikalı, həm də fransalı həmkarlarıma hörmətlə yanaşıram. Ancaq mən dəqiq bilirəm ki, onlar Suriya vətəndaşı deyil və bu ölkədə kimin prezident olacağına onlar qərar vermir. Bu, Suriya xalqının seçimidir".

Putin İŞİD ilə nasistlərin müqayisəsinə də münasibət bildirib: "Mən düşünürəm ki, İŞİD-in törətdiyi vəhşiliyi nasistlərin addımları ilə müqayisə etmək düzgün olmaz. Buna görə də biz çalışırıq ki, İŞİD-ə qarşı mübarizəyə bir çox ölkələri cəlb edək. Bunun üçün də Rusiya, Suriya, İran və İraq birlikdə hərbi koordinasiya qrupu yaradıb. Bu qrupun əsas işi terrorçuların fəaliyyəti və hərəkətləri haqqında məlumat toplamaqdır. Bu məsələdə bizə İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və İordaniya da kömək edə bilər".

Rusiya dövlət başçısı Ukrayna ilə bağlı vəziyyəti də şərh edib: "Obama ilə Ukrayna böhranını da müzakirə etdik. ABŞ bu məsələnin həllində "normand dördlüyü" səviyyəsində olmasa da, fəal iştirak edir. ABŞ hər zaman Kiyev hakimiyyətinin arxasında durub. Bugünkü məsləhətləşmələr zamanı da məlum oldu ki, amerikalı həmkarlarımız bu prosesi yaxından izləyir".

Jurnalistlər Putinə onun Assambleyada çıxışı zamanı Ukrayna prezidenti Petro Poroşenkonun zalı tərk etməsi ilə bağlı sual ünvanlayıb: "Mən Ukrayna prezidentinin zalda olmadığını görmədim. Prinsipcə, bu mənimçün önəmli deyil. Kimə maraqlı deyilsə, gedə bilər".

Obamanın da bir müddət əvvəl çıxışı zamanı "ABŞ bunu istəmir" sözləri ilə münasibət bildirdiyi Rusiyaya qarşı tətbiq edilən sanskiyaların ləğvi məsələsini Putin belə şərh edib: "Biz həmişə demişik ki, müasir dünyada sanksiya siyasəti səmərəsizdir. Rusiya kimi ölkəyə qarşı sanksiyalar tətbiq etməklə nəyəsə nail olmaq qeyri-mümkündür. Adicə, xəritəyə baxmaq kifayətdir".

Rusiya prezidenti Obama ilə görüşü “konstruktiv və işgüzar” adlandırıb: “Fikir ayrılıqları mövcuddur. Amma problemlərin həlli üçün ciddi səylə çalışmalıyıq. Obama ilə son iki ildə ilk dəfə ikitərəfli görüş keçirsək də, buna qədər onunla tez-tez telefon əlaqəsi saxlayır və beynəlxalq tədbirlərdə görüşürük”.

Samir


Müəllif:

Oxşar xəbərlər