İlham Əliyev: “Azərbaycan Çinlə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyir”
Prezident İlham Əliyev dekabrın 8-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib. Sian şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını şəhərin rəsmi şəxsləri qarşılayıblar.
Terrakota Ordusu Muzeyi ilə tanışlıq
Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.
Sian şəhəri Çinin mərkəzində yerləşən Şaansi əyalətinə mənsubdur. Qədim İpək Yolunun üzərində yerləşən bu əyalət zəngin tarixi və mədəniyyəti ilə diqqəti cəlb edir. Bu şəhər Çinin dörd qədim paytaxtından biridir.
Dövlət başçısına əvvəlcə muzeyin yerləşdiyi ərazinin planı barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, yeraltı heykəllər ordusu 1974-cü ildə kəşf edilib və dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 183 və 193 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb. Heykəllərin özəlliyi onların hər birinin üz ifadəsinin və geyimlərinin fərqli olmasıdır. Lakin tapılan heykəllər torpaqdan çıxarılandan sonra üzlərindəki boyalar pozulduğuna və təbii rənglərini dəyişdiyinə görə arxeoloqlar qazıntı işlərini yarımçıq qoymağa məcbur olublar. Çinlilər tərəfindən dünyanın səkkizinci möcüzəsi kimi qəbul edilən terrakota əsgərləri ilə bağlı qazıntı işləri texnikanın və elmin inkişafı nəticəsində 2009-cu ildə yenidən bərpa olunub. Qazıntı aparılan ərazidən indiyədək təxminən iki min əsgər heykəli tapılıb. Ərazidə 520 atla 8 min əsgərin, 130 döyüş arabasının, 150 süvarinin olduğu təxmin edilir. Onlar 600-ə yaxın yeraltı çuxurda toplanıb. Çin imperatoru Sin Şi Huangın məzarı da buradadır. Əfsanəyə görə, terrakota ordusu imperator Sin Şi Huangın məzarını qoruyurmuş.
Məlumat verilib ki, 1987-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən terrakota ordusu üç ayrı çuxurda dəfn edilib. Çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir. Müxtəlif hərbi rütbələri daşıyan hərbçilər dövrün ən qabaqcıl döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında hazır mövqedə basdırılıblar. Çuxurların birində imperatorun mərasim batalyonu öz nizami düzülüşü ilə diqqəti cəlb edir. Əsgərlərin yanında o dövrə aid təxminən 10 min bürünc silah da var.
Bu muzey Çin tarixini, həmçinin o dövrə məxsus texnologiya, incəsənət və mədəniyyəti öyrənmək və tədqiq etmək üçün əvəzsiz mənbədir. Lakin araşdırmalar hələ də terrakota ordusunun sirrini açmağa kömək etməyib. Qədim məxəzlərdə yazılıb ki, imperator Sin Şi Huang dövrünün görkəmli dövlət xadimi olaraq Çin ərazilərini vahid dövlətdə birləşdirən lider kimi tarixə düşüb. Bəzi mənbələr Çin səddinin inşasına başlanmasının da onun adı ilə bağlı olduğunu bildirir. Tarixçi Si Maqian isə yazır ki, bu məzarın inşası 30 il davam edib və tikintidə 700 min insan işləyib.
İmperatorun ordunu dəfn etdirmək üçün niyə Sian ərazisini seçməsinin də maraqlı tarixçəsi var. Tarixçilər hesab edirlər ki, imperator Li Şan adlanan dağı o dövrün məşhur fəlsəfəsi ilə əlaqələndirib. Məhz buna görə özünün də burada dəfn olunmasını əmr edib. İmperatorun məzarı yerin 36 metr dərinliyindədir və o, inanırdı ki, daş heykəllərdən ibarət terrakota ordusu onu öldükdən sonra da qoruyacaq.
Prezident İlham Əliyev terrakota ordusunun müxtəlif rütbələrdə olan hərbçilərinin heykəllərinə də baxıb.
Dövlət başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verilib.
Qeyd edək ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir. Onlar dünya tarixinin və mədəniyyətinin bu əvəzolunmaz incisi ilə tanış olmaq, onu öz gözləri ilə görmək istəyirlər. Sonra xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Şaansi vilayətinin qubernatoru Lou Çincyanla görüş
Prezident İlham Əliyevin Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.
Lou Çincyan Prezident İlham Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirib. “Siz görkəmli rəhbərsiniz”, - deyən qubernator Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğulayıb. Rəhbərlik etdiyi vilayətlə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb. O, burada sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırıb. “Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, - deyən qubernator bildirib ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycanla Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Prezident İlham Əliyev Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu deyib. Dövlət başçısı bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən Prezident İlham Əliyev respublikamızın Çinlə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunur və ölkəmiz uğurla inkişaf edir. Bu da ölkələrimiz arasında fəal qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə kömək edir.
Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul verilib.
Şaansi avtomobil zavodu ilə tanışlıq
Prezident İlham Əliyev Çinin Sian şəhərində Şaansi avtomobil zavodu ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, bu müəssisə Çində avtobus, ağır tonnajlı, orta, yüngül, mini yük avtomobilləri, mühərriklər, ehtiyat hissələri, habelə hərbi avtomobillər istehsal edən iri müəssisələrdən biridir. 1968-ci ildə Sian şəhərində yaradılmış zavodun hazırda 23 min işçisi var. İstehsal prosesinə baxan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, müəssisənin buraxdığı yük maşınları “SACHMAN”, avtobusları isə “Eurostar Bus” brendləri altında dünyanın 90-dan çox ölkəsində, o cümlədən Azərbaycanda satılır. Şirkətin xaricdə 41 ofisi və 310 servis mərkəzi fəaliyyət göstərir. “SACHMAN” yük avtomobilləri Almaniyanın “MAN” şirkəti ilə birgə əməkdaşlıq sayəsində istehsal edilir.
Şaansi avtomobil zavodunun daxil olduğu “Shaanxi Automobile Group Co. Ltd” ümumilikdə 10 törəmə şirkəti özündə birləşdirir. Onların hamısı Şaansi əyalətində yerləşir. Şirkət avtobus və yük maşınları ilə yanaşı, digər yük avtomobil istehsalçıları üçün də ehtiyat hissələri buraxır. Çinin avtomobil sənayesində xüsusi payı olan bu şirkət ötən müddətdə 600 mindən çox müxtəlif təyinatlı avtomobil istehsal edib.
Şirkətin Sian şəhərindəki texnoparkında yük avtomobilləri, avtomobil şassisi və mühərrik zavodları, texniki, satış mərkəzləri fəaliyyət göstərir. Şaansi avtomobil zavodu hazırda Çinin və Asiyanın ən böyük 500 şirkəti siyahısındadır.
Paytaxt Pekinə səfər
Prezident İlham Əliyev Sian şəhərindən paytaxt Pekinə gəlib.
Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Səxavət HƏMİD