16 İyun 2016 18:18
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin Dağlıq Qarabağ və Fələstin münaqişələrinə fərqli yanaşması haqda fikirlərə münasibət bildirib.

Səfir deyib ki, Dağlıq Qarabağ münaqişəsi Fələstin probleminə bənzəmir: “İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülmlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədə dəhşətlidir. Digər fərq isə ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar. Biz ümid edirik ki, bu danışıqlar nəticə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağına inanmırıq və belə bir perspektiv görmürük”.

Səfirin açıqlamasına münasibət bildirən Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib ki, İran səfirinin açıqlamaları həm təəssüf, həm də təəccüb doğurur. O, öz fikirlərini bununla əsaslandırıb ki, İran rəsmi surətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və işğal olunmuş digər Azərbaycan ərazilərindən çıxarılmasının tərəfdarıdır: “İran səfirinin açıqlamasında isə bu məsələ yaddan çıxarılır və məsələnin emosional tərəflərinə üstünlük verilir. Digər tərəfdən təəssüf ki, cənab səfir artıq xeyli müddətdir Azərbaycanda olmasına baxmayaraq, Ermənistanın 1 milyona yaxın Azərbaycan vətəndaşını öz torpağından qovduğunu, onların evlərini və bütün mülkiyyətlərini əllərindən aldığını, müharibə dövründə Xocalı soyqırımı kimi dəhşətli bir soyqırımı törətdiyini yada salmaq istəmir. Digər tərəfdən diqqətə çatdırmaq istəyirəm ki, cənab səfir heç bir ölkədə deyil, İranın Azərbaycandakı səfiridir. O, ilk növbədə İran-Azərbaycan münasibətlərinə dair öz fikrini bildirməli və bu məsələlərdə öz ölkəsinin mövqeyini müdafiə etməlidir.

Ancaq İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda hansısa digər bölgənin məsələsi Azərbaycanın işğal olunmuş torpaqları məsələsindən üstün tutulur və Ermənistana haradasa haqq qazandırılır. Mən bu məsələyə çox təəssüf edirəm. Yəqin ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə diqqət edəcək. Çox istərdim ki, cənab səfir Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasının, 1,2 milyon əhalimizin qaçqın və məcburi köçkün vəziyyətində qalmasının, Ermənistanın Azərbaycan torpaqlarından qoşunlarını çıxarmaqdan imtina etməsinin və ərazi bütövlüyünü pozmasının fərqinə varaydı. Cənab səfirin sərgilədiyi bu cür mövqe bizim münasibətlərimizin daha da dərinləşməsinə xidmət etmir. Mən çox istərdim ki, cənab səfir verdiyi bu açıqlamaya aydınlıq gətirəydi”.

“Axır ki, iranlı diplomatlardan kimsə türklər demişkən ağzındakı paklanı çıxartdı. Biz həminşə İranın siyasətini ona görə tənqid edirik ki, Tehran müsəlman Fələstinin işğalına görə İsraili yerdən yerə vurarkən, digər müsəlman məskəni olan Qarabağın işğalına görə Ermənistanla dost münasibətlər qurub, yəni ortada ikili standartlar var. Buna cavab olaraq İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. Belə ki, İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir”.

Bunu isə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

E.Şahinoğlunun sözlərinə görə, iranlı diplomat faktiki üzümüzə baxaraq deyir ki, ermənilər yəhudilər qədər müsəlmanlara əziyyət verməyiblər: “Bəs görəsən, işğalın davamı, azərbaycanlıların Dağlıq Qarabağdan qovulması və Xocalı soyqırımında müsəlmanların qətliamı İran səfiri üçün zülm deyilsə, bəs nədir? Xarici İşlər Nazirliyimizin mətbuat katibi iranlı səfirin Azərbaycanın mövqeyini aşağılayan və ermənilərin işğalına faktiki haqq qazandıran bu fikrinə münasibət bildirməlidir, əks halda Tehranın “Fələstin ayrı, Qarabağ ayrı” tezisini həzm etmiş kimi görünəcəyik”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər