28 İyun 2016 17:29
4 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlamasını şərh edib.

Teleqraf.com xəbər verir ki, F.Abbasov məktubun daha çox Türkiyə türkcəsində yazılmış variantında Ərdoğanın hansı sözdən istifadə etməsinin müzakirələrə səbəb olduğunu bildirib: “Kimlərsə onun başsağlığı verdiyini, kimlərsə üzr istədiyini, kimlərsə daha konkret ifadələrlə üzr istəməli olduğu halda anlaşılmayan sözdən istifadə etdiyini bildirib. Amma mən sizi əmin edirəm. Dövlət səviyyəsində yazılan bu cür məktubları bir nəfər bir neçə dəqiqə ərzində tərtib etmir. Məktubun mətni üzərində ekspertlər bir neçə gün ərzində işləyiblər. Həm də əsas odur ki, məktub mətninin üzərində təkcə türk ekspertləri deyil, rusiyalı mütəxəssislər də işləyiblər. Mətnin hər detalı, hər sözü, hər vergülü və hər nöqtəsi razılaşdırılıb.

Düşünürəm ki, Ərdoğanın adından bu məktub yayılmazdan əvvəl Rusiya tərəfi ilə razılaşdırılıb. Ona görə də “Google Translate”də “kusura bakmasınlar”, yaxud “özür diliyorum” və sair kəlmələrinin sözün əsl mənasında nəyi ifadə etməsini axtaranlar bunu heç bir məna daşımadığını bilsinlər. Rusiyanın eşitmək istədiyini Türkiyə dedi, Türkiyənin demək istədiyini də Rusiya qəbul etdi. İkitərəfli izahlı söz birləşmələri lüğətində bu sözlərin hansısa gizli mənasını axtarmağın heç bir mənası yoxdur. Bağışlayın, bu taftalogiyadır”.

F.Abbasov qeyd edib ki, Rusiya üç ən əsas sualına, yaxud şərtinə cavab almış olub: “Bu Ankaradakı səfir İqor Karlovun səsləndirdiyi üç əsas tələbdir. Birinci tələb konkret üzr istəmək tələbi idi. Konkret üzr istəmək həyata keçirildi, səsləndirildi. İndi irəliyə doğru hərəkət etmək lazımdır. İrəli necə hərəkət edəcəyik? İki ölkənin əlaqələrində əsas məsələ Suriya böhranı ilə bağlıdır. İndi bir çox rusiyalı belə bir sual səsləndirir; Türkiyə nəyə görə 7 ay əvvəl deyil, məhz indi üzr istəmək qərarına gəldi? 7 ay əvvəl dünyada geopolitik durum tamam başqa cür idi. Suriyada rus hərbçiləri var idi. Hər gün terrorçuların və terrorçu olmayanları bombalayırdılar. Ona görə də baş üzərindən bomba dolu təyyarələr uçarkən üzr istəməyi gözləmək çətin olardı.

Bundan başqa bir Avrasiya kontinentinin Avropa hissəsində çox dəyişikliklər baş verdi. Böyük Britaniya Avropa İttifaqını tərk etdi, qaçqınlar problemi hələ də həllini tapmır, Avropa İttifaqından Türkiyəyə vəd olunan kompensasiya hələ də verilməyib, Bundestaq qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etdi. Bütün bu geopolitik dəyişikliklərin yekununda Türkiyə qərara gəldi ki, onun Avropada gələcəyi yoxdur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər