“Azərbaycan müxalifətinin bir qisminin Konstitusiyaya dəyişikliklə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər, Konstitutsiya Məhkəməsinin bununla bağlı verdiyi rəy tamamilə qanunuyğundur və burada hər hansı qanun pozuntusuna yol verilməyib”.
Teleqraf.com xəbər verir ki, bunu YAP-dan olan millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkilinin sözlərinə görə, elə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər Azərbaycanda insan haqları və azadlıqlarının, demokratiyanın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir.
“Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri bir neçə hissəyə bölmək olar. Bir qismi redaktə xarakterlidir, bir qismi ölkədə vətəndaşın hüquq və azadlıqlarının daha geniş formada inkişaf etdirilməsinə, digər qismi isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Demokratiyanın inkişafı dövlətin qarantı rolu oynadığı kimi, dövlətçiliyin də möhkəmlənməsi vətəndaşın hüquqlarının və təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiə olunmasına, demokratiyann ölkədə bərqərar olmasına xidmət edir. Bunlar bir-biri ilə paralellik təşkil edir.”- deyə, millət vəkili vurğulayıb.
Konstitusiyaya edilən dəyişikliklərin zərurətinə toxunan millət vəkili əlavə edib ki, ana qanunun qəbulundan 21 il keçir və bu müddət ərzində ölkədə və dünyada xeyli dəyişikliklər baş verib: “Bu proseslər Konstitutsiyaya dəyişiklikləri zəruri edib. Ona görə də Azərbaycan prezidenti ona verilən hüquqdan və səlahiyyətdən istifadə edərək belə bir təşəbbüslə çıxış edib. Konstitutsiya Məhkəməsi də öz növbəsində Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərlə bağlı sualları müsbət cavablandırıb. Və burada nəsə axtarmaq sadəcə, səbatsızlıqdan irəli gələn məsələdir”
A.Hüseynov onu da əlavə edib ki, növbəti mərhələdə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər xalqa və seçicilərə geniş formada izah olunacaq, təbliğat işləri aparılacaq, mahiyyəti izah olunacaq: “Referenduma çıxarlacaq hər hansı maddəyə səs vermək isə seçicinin öz ixtiyarındadır. Hansı maddəyə istəyəcək, o, maddəyə də səs verəcək. Onun bu qərarına kimsə müdaxilə edə bilməz”.
Cavad