ABŞ-da yaşayan türklər Ağ Evin saytında Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası üçün imzatoplama kampaniyası keçirirlər. Kampaniyanın başa çatmasına iki həftə qalıb. Artıq tələb olunan 100 min səsdən 78,8 mini yığılıb, daha 21,2 min səsin toplanmasına ehtiyac var.
İyulun 17-də başlayan kampaniyada bu ifadələr yer alır: “İyulun 15-də Türkiyənin demokratik yolla seçilmiş hökumətini devirmək üçün hərbi çevrilişə cəhd edildi. Bunu Fəthullah Gülənə və Fəthullahçı terror təşkilatına xidmət edən bir qrup əsgər törədib. Türkiyə bizim ən etibarlı və uzun müddətli müttəfiqlərimizdən biridir. Gülən isə Türkiyədəki müttəfiqlərimiz tərəfindən terrorçu olaraq tanınır. Hökumətimiz Fəthullah Gülə sığınacaq verməməli və onu Türkiyəyə ekstradisiya etməlidir”.
Qeyd edək ki, məlum çevriliş cəhdi zamanı 237 nəfər həyatını itirib, 1600 nəfər yaralanıb, hadisələrdə şübhəli bilinən 8 min nəfər həbs olunub.
Bəs, F.Gülən bu imzatoplama kampaniyasının, eləcə də aparılan hüquqi prosedurların nəticəsi olaraq Türkiyəyə verilə bilərmi? 1998-ci ildə PKK Terror təşkilatının rəhbəri Abdullah Öcalanın təhvil alınması ilə bu məsələ arasında hansısa paralellər aparmaq mümkündürmü?
Politoloq Qabil Hüseynli Teleqraf.com-a bildirib ki, Amerika dövləti hüquqi dövlətdir. Onun sözlərinə görə, bu ölkədə hər şeyin əsasında hüquq, qanunlar dayanır: “Petisiyalar yalnız tövsiyələr, xahişlərdir və bu kimi məqamlara xidmət edir. Ona görə də Fəthullah Gülənin geri qaytarılması yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Petisiya nəticəsində lap 1 milyon səs yığılsa da, bu petisiyaya baxan olmayacaq. Zənnimcə, Türkiyə əsas diqqəti “paralel yapı”da Gülənin iştirakı məsələsini sübut etməyə, son hərbi çevrilişə cəhdə həmin şəxsin iştirak payını müəyyənləşdirməyə, bunun üçün lazım olan sübutları, əşyayi-dəlilləri ortaya çıxarmağa yönəltməlidir. Türkiyə tərəfi güclü vəkil tutub məhkəmə prosesini udmalıdır. Yalnız bundan sonra Gülənin Türkiyəyə ekstradisiyası mümkün ola bilər”.
Q.Hüseynlinin sözlərinə görə, məhkəmə proses zamanı Amerika tərəfinin qarşısına elə sübutlar qoyulmalıdır ki, həmin sübutun qarşısında heç bir hakim, yaxud heç bir vəkil tab gətirə bilməsin: “Amerika deyəcək ki, mənə sübutlar ver. Deyirlər ki, guya həmin hadisələr baş verən zaman Gülən Amerikadan Qətərə uçub. Bunu sübut edən sənədləri, məsələn təyyarə biletlərini, imkan daxilində orda olan danışıqların mətnini, ən azı fotoşəkilləri və sair sübutları ortaya qoymaq lazımdır. Yəni, sübut etmək lazımdır ki, hərbi çevrilişə cəhd olarkən bu cənab ABŞ-ı tərk edib və hərbi çevrilişdə iştirak edən Qətərə uçub. Başqa bir tərəfdən əgər Gülən izlənilirdisə, onun ofisi də izlənməlidir.
Ofisindən çəkilən fotolar, ora gələn, onu ziyarət edən şəxslər öyrənilməlidir, mümkün qədər onun telefon danışıqları, danışıqların məğzi, eləcə də hərbi çevrilişə cəhddə iştirak edən hərbçilərin telefon danışıqlarının audio, bəzən də videoyazısı ortaya qoyulmalıdır. Lazım olduqda tərcüməçi ilə Amerikaya göndərilməlidir. Yalnız bundan sonra Gülənin ekstradisiyasına nail olmaq mümkündür”.
Politoloq qeyd edib ki, ABŞ Güləni ölkədən çıxara, iddia olunduğu kimi ona Misirdə siyasi sığınacaq verilə bilər. Ancaq müsahibimiz düşünür ki, iş hələ o həddə çatmayıb: “Gülənin təhlükəsizliyi elə bir həddə deyil ki, Amerika onu qorumaqdan imtina etsin. Yaxud Amerika-Türkiyə münasibətləri o həddə qədər gərginləşməyib ki, Vaşinqton Güləni qurban verib Ankara ilə münasibətləri qoruyub saxlamağa cəhd etsin. Hələ ki, məsələlər Amerikanın təzyiqləri altında gedir. Türkiyə də yalnız Ərdoğanın timsalında mitinqlər keçirir və mitinqlərdə bəyanatlar verir. Ona görə də məsələ hələ bizim dediyim hüquqi müstəviyə o həddə qədər gəlib çatmayıb”.
Bəs, F.Gülənin Türkiyəyə qaytarılması ABŞ-ın maraqlarına cavab verirmi? Q.Hüseynli buna cavab olaraq “xeyr, cavab vermir” deyib: “Əgər cavab versəydi, ABŞ Fəthullah Güləni dərhal Türkiyə verməli idi və verəcəkdi. İnidəyədək verməyibsə, demək bundan sonra da Gülən ABŞ ərazisində qalacaq”.
A.Öcalanla bağlı məsələyə gəldikdə isə Q.Hüseynli onun bir quldur olduğunu vurğulayıb: “O, terrorçu bir təşkilatın başçısı idi. Onun tutulması Amerika ilə Türkiyə arasında möhkəm dostluq münasibətlərinin olduğu bir dövrdə oldu. Həmin dostluqdan istifadə edərək ABŞ onu tutdu və geri qaytardı. Yəni, hər şey ABŞ-ın əlindədir. Bəzən hüquq üstünlük təşkil edir, bəzən də hüquq yox, bölgədə sabitlik yaratmaq məsələləri üstün tutulur. Əsas məsələ bundan ibarətdir”.
Səxavət HƏMİD