18 Avqust 2016 10:01
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümü tamam olur.

Teleqraf.com bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Mərhum dövlət başçısı Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.

Son illərdə dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığının yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibar dayanır.


Müəllif:

Oxşar xəbərlər