“14 sentyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib seçiləcək. İndiki baş katib Nikolay Bordyujanın sözlərindən belə çıxır ki, yeni baş katib Ermənistandan olacaq. Belə anlaşılır ki, həmin namizədin kimliyi ətrafında qapalı müzakirələr gedir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, son dövrlər Nikolay Bordyuja İrəvanı su yoluna döndərmişdi, Ermənistanın mövqeyini dəstəkləyir və zaman-zaman bizi narahat edən açıqlamalar verirdi: “Buna baxmayaraq, Bordyuja Rusiyanın təmsilçisi idi və tam özfəaliyyətlə məşğul ola bilməzdi, yəni Kremlin istəyi əleyhinə Azərbaycanı hədəf götürə bilməzdi, onun üçün müəyyən qırmızı cizgilər var idi. İndi isə baş katib erməni olacaq və aydındır ki, öz ölkəsinin maraqlarından çıxış edəcək”.
Elxan Şahinoğlu hesab edir ki, baş katibi erməni olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gələcəkdə istənilən təxribat gözləmək mümkündür: “Yeganə ümid Azərbaycanın tərəfdaşları olan Belarus və Qazaxıstanadır. Bu iki dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olaraq erməni baş katibi mümkün təxribatlardan çəkindirməlidirlər. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünün məqsədi digər üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymaqdır. Ancaq hələ ki, özündən başqa digər üzv dövlətlər Azərbaycanla münasibətləri gərginləşdirmirlər, tam əksinə aprel döyüşlərində qurum neytrallığını qorudu. Başqa cür ola da bilməzdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyinə cavabdehdir, Azərbaycanın isə Ermənistana hücum etmək planı yoxdur, Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışır. Dağlıq Qarabağ və ətraf rayonlar isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyası xaricindədir”.
Cavad