Əfşar Süleymani: “Əslində burada söhbət 400 milyon dollardan gedir”
Barak Obamanın göstərişi ilə İrana 2 təyyarə və ya 17 ton dollar göndərilib. “The Wall Street Journal” qəzetinin bu məqaləsi neçə gündür ki, dünya mediasında ciddi müzakirə edilir. İddia olunur ki, 1016-cl ilin əvvəllərində ABŞ İrana 3 hərbi yük təyyarəsi dolu nəğd dollar göndərib.
Hələ bir müddət əvvəl adıçəkilən qəzet iddia edirdi ki, ABŞ üç girovun azadlığa buraxılması üçün İrana 400 milyon dollar ödəyib. Sonradan ABŞ rəhbərliyi açıqlamışdı ki, həmin pullar təkcə girovların buraxılması üçün yox, nüvə razılaşmasının və İrana qarşı sanksiyaların ləğvinə dair anlaşma çərçivəsində Tehrana göndərilib. Özü də söhbət şahın dövründə İranın silah almaq üçün ABŞ-a ödədiyi 400 milyon dollardan gedirdi. Hansı ki, islam inqilabından sonra ABŞ həmin pulları dondurmuşdu və İrana qaytarmaqdan imtina edirdi. 400 milyon dollar indiyə qədər ki, faizi ilə birgə 1,7 milyard olub.
Qeyd olunur ki, fevral aylarında İran Hərbi Hava Qüvvələrinin üzərində tanınma nişanı olmayan, içərisi nəğd dollarla dolu üç yük təyyarəsi Cenevrədən havaya qalxıb və Tehrana enib. Təyyarələrin göyərtəsində cəmi 1.7 milyard dollar olub.
İlk təyyarə yanvarın 17-də Tehrana enib və göyərtəsində 400 milyon dollar olub. İkinci təyyarə yanvarın 22-də, üçüncüsü isə fevralın 5-də Tehrana enib. Bu təyyarələr İrana cəmi 1.3 milyard dollarlıq nəğd avro və İsveçrə frankı aparıb. Bu isə təxminən 13-15 ton ağırlığında nəğd pul deməkdir. Qeyd edilir ki, prezident Barak Obama İrana aid pulların baza hissəsinin qaytarılmasına sərəncam verəndə Tehran 3 amerikalı girovu həbsxanadan buraxıb.
Səslənən bu sensasion xəbəri İranın Azərbaycandakı sabiq səfiri, İran mediasında analitik yazılarla çıxış edən Əfşar Süleymani şərh edib.
Sabiq diplomat bildirib ki, Azərbaycan mediasında yer alan bu xəbər İranda yayımlanmayıb. Onun sözlərinə görə, 1milyard 700 milyon dolların ABŞ tərəfindən İrana göndərilməsini iki tərəf də qəbul edir: “Əslində burada söhbət 400 milyon dollardan gedir. Bu pulu şah zamanında İran silah almaq məqsədilə ABŞ-a ödəyib. Lakin sonra İslam inqilabı baş verib. Bundan sonra İrana silah verilməyib, pullar isə ABŞ-da qalıb. Tehrandakı Amerika səfirliyi iranlılar tərəfindən tutulduqdan sonra isə bu pullar faktiki olaraq dondurulub. Lakin Əlcəzair bəyannaməsindən sonra bu pullar üzərindən həbs qaldırılıb və İrana qaytarılmalıdır. Lakin embarqo və bank sanksiyalarından sonra vəziyyət dəyişməz qalmışdı”.
Keçmiş səfir qeyd edib ki, bu pulun 2016-cı ilin əvvəllərində qaytarılması əslində nüvə danışıqları və sazişlə əlaqədar deyil: “Bu sadəcə olaraq iki ölkə arasında olan bir maliyyə məsələsidir. Sadəcə bəzi maliyyə mexanizmlərinin və əməliyyatların İran üzərində qapalı olması bu pulların bank üzərindən İrana köçrülməsinə maneə yaradıb. Bu səbəbdən də, fiziki daşınma yoluna önəm verilib. Eyni zamanda pulun verilməsi ilə parallel olaraq üç amerikalı məhbus həbsdən azadlığa buraxılıb. Bu isə göstərir ki, bu iki mövzu arasında əlaqə olub. Bir daha qeyd edim ki, əslində söhbət 400 milyondan gedir. Sadəcə olaraq bu pulun 40 ilə yaxın bir zamanda faizləri 1,3 milyard edib. Baza hissəsini də, faizlərin üzərinə gəldikdə 1,7 milyard edir”.
Diplomat deyib ki, hazırda İranda dollar - rial məzənnəsi sabitdir: “Azad bazar vasitəsilə valyuta alış-verişi həyata keçirilir. Əslində prezident Ruhani hakimiyyətə gəldikdən sonra dolların kursunda geriləmə olub. Yəni bir qədər ucuzlaşıb. Son dövrlər 1 ABŞ dolları 3450-3550 tümən civarında dəyişdirilir. Demək olar ki, son 2-3 ildə dolların məzənnəsi sabitdir. Əvvəlki prezident Əhməd Nicatın apardığı siyasi kurs davam etsəydi bəlkə indi 1 ABŞ dolları azı 10 min tümən olardı”.
Nemət Hüseynli