19 Sentyabr 2016 21:43
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onu yemləyən əli dişləyən adətən onu təpikləyənin çəkməsini yalayır" (Lao Szı)

Azərbaycanın radikal müxalifəti üçün son günlərin hadisələri bundan sonra uzun müddət unudulmayacaq rüsvayçılığa, sosiumda, onsuz da, minimum dərəcəsindəki dəstəyinin, ümumiyyətlə, yoxa çıxmasına çevrildi.

AXCP, Müsavat və Milli Şura ilk uğursuzluğunu Bakıda sentyabrın 11-də keçirilən mitinqdə yaşadı, sentyabrın 15-də ABŞ Konqresindəki dinləmələrdə müxalifət mənsublarımız ermənilərlə və xüsusilə də Dağlıq Qarabağdakı terrorçu rejimin nümayəndələri ilə eyni səngərdə duraraq Azərbaycana qarşı xəyanəti təsdiqlədilər, sonda isə sentyabrın 17-də və 18-də "Məhsul" stadionundakı mitinqlər onun tam fiaskosunu, cəmiyyətdə real qüvvə olmadığını və vətəndaşlar tərəfindən əsla dəstəklənmədiyini ortaya qoydu.

Lakin onun əməlləri belə buffonada ilə bitmədi.

Əli Kərimlinin oğlu, Londonda təhsil alan tələbə Türkel Kərimli ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Tom Lantos adına İnsan Haqları Komissiyasında Azərbaycanla bağlı dinləmələrə, daha doğrusu, Azərbaycanın hədəfə alındığı, ölkəmizin ünvanına yalanların və böhtanların səsləndiyi yığnağa qatıldı. Türkel Kərimli bu müzakirələrdə "Azərbaycan hakimiyyəti ilə mübarizə aparan ailənin təmsilçisi" kimi danışdı. AXCP sədri, onun ətrafı və radikal müxalifət Türkel Kərimlinin Konqresə yollanmasına, oradakı müzakirəyə qatılmasına çox böyük önəm verdiyini, bu olayı az qala bütün müxalifət üçün simvolik hadisə saydığını vurğulasa da, baş verənlər rəzalətdir. Ona görə ki, Türkel Kərimli heç bir vəchlə ölkə müxalifətini təmsil edə bilməz: bu gəncin yeganə "üstünlüyü" onun mimikriya ustası, siyasəti intriqanlıq və demaqogiya təki qəbul edən Əli Kərimlinin oğlu olmasıdır. Hətta YAP-ın sabiq üzvü, indi "millət fədaisi" və "alovlu inqilabçı" kimi tribunalardan düşməyən marionet Gültəkin Hacıbəylinin belə, o müzakirələrə qatılmağa daha çox haqqı vardı.

AXCP-ni tək adamın partiyasına çevirən, tənqidə və plüralizmə ifrat dözümsüzlüyü ilə ad çıxaran, siyasi buqələmunluğu siyasi kredo hesab edən Əli Kərimli yenə də udmaq istədiyi halda uduzdu. Nədən ki, müzakirələrə Skype vasitəsilə qatılan Xədicə İsmayılla qurduğu planın reallaşmış variantı çox miskin təsir bağışladı. Müzakirələrdə Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın oğlu Armen Saakyan da vardı və o, Türkel Kərimlinin dediklərinə diqqətlə qulaq asır, sürəkli olaraq başını tərpədərək AXCP sədrinin oğlu ilə razılaşdığını göstərirdi. Bununla da Əli Kərimli AXCP-nin və ümumiyyətlə, radikal müxalifətin ideoloji ehkam, fəaliyyət prinsipi kimi təqdim etdiyi "milli demokratiya" postulatlarının yalnız şirma olduğunu açıq göstərdi. Türkel Kərimlinin atasının təlimatlarına uyğun şəkildə Armen Saakyanla birgə Azərbaycana qarşı od püskürməsi Əli Kərimlinin və AXCP-nin cəmiyyət qarşısında əsl riyakar, xəyanətkar, düşmən simasını bütün çılpaqlığı ilə açmış oldu.

AXCP sədri mitinqlər keçirir, Facebook-da gündə bir neçə dəfə Azərbaycan hakimiyyətini hədələyir, təhqir edir, müsahibələrində və açıqlamalarında "Biz gələcəyik!" tipli xülyalarını dilə gətirir. Belədirsə, deyilən sözlər və edilən hərəkətlər siyasi fəaliyyətdirsə, bəs onda qarabağlı erməni terrorçuların nümayəndəsi, Azərbaycanın düşməni ilə eyni sırada oturmaq nədir?!

Əli Kərimli və onun mənsub olduğu xəyanətkar cəbhədə həmin müzakirələrdə Türkel Kərimlinin iştirakını təmin etmək üçün Respublikaçı Alternativ Hərəkatının (REAL) rəhbərlərindən olan Erkin Qədirlini sıradan çıxarmağa çalışdılar. Onun müzakirələrə qatılmasına yol verməmək üçün Əli Kərimli hətta özünün sevimli "milli demokrat" obrazını müvəqqəti unudub uğurla "beynəlmiləlçi, qlobalist demokrat" qiyafəsinə girməyi bacardı. Əks təqdirdə amerikalı konqresmenlər onu anlamazdılar, yaxın buraxmazdılar, Dağlıq Qarabağdakı terrorçu rejimə qarşı silahlı mübarizəyə çağıran adamı troqlodit sayardılar. Əksi olsaydı, onun oğlu Türkel Kərimli həmin müzakirələrdə Armen Saakyanı görəndə durar və dərhal həmin məkanı tərk edər, yaxud da erməni terrorçularının əməllərindən bəhs edib konqresmenlərə həqiqəti danışardı. Türkel Kərimli isə getmədi və danışmadı: əksinə, o, erməni terrorçularının mənsubu ilə "anlaşma"nı üstün tutdu.

Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu ilə bağlı məruzə ilə çıxış etməli olan Erkin Qədirli bu prosesdən niyə kərarlaşdırıldı? Səbəb budur ki, o, Ermənistan prezidentini tənqid etmişdi və bu tənqid tərcümə olunaraq ABŞ-a çatdırılmışdı. "Azadlıq Radiosu" və "Meydan TV"nin mirzələrindən olan bloqer Əli Novruzov tam "müstəqil şəkildə" fikrini izhar etmiş, guya Erkin Qədirlinin "Ermənistan prezidenti Sərkisyana siçan zəhəri verib, öldürmək lazımdır" yazdığını vurğulamış və haray qaldırmışdı ki, belə adam siyasətçi ola bilməz. Bu əməli Əli Novruzov müstəqil şəkildə etməyib - indi nə qədər and-aman etsə belə: nədən ki, bəhs etdiyimiz əməl ölkənin QHT sektorunlakı qrant davalarında istifadə olunan kompilyativ üsullara və bu davaların tam əksəriyyətinin arxasında duran AXCP rəhbərliyinin dəst-xəttinə çox bənzəyir. Az sonra həmin materiallar Tom Lantos komissiyasındakı dinləmələrin təşkilatçılarına göndərilmişdi.

Hətta erməni bloqer Ani Vandaryanın da olayla bağlı "Niyə bu panelə Azərbaycandan seksist, homofob, ikrah doğuran Erkin Qədirli daxil edilib - bu misteriyadır, sirdir" tvitini yazmışdı.

Göründüyü kimi, çox primitiv və bəsit oyun aparılıb: Erkin Qədirli "vurulub", onun əvəzinə dinləmələrə Türkel Kərimli qatılıb və beləcə, AXCP sədri Əli Kərimli rəhbərlik etdiyi partiyada varislik prosesinə start verib. Di gəl, Türkel Kərimlinin dinləmələrdə normal danışa bilməməsi, çıxışını kağızdan oxuması isə AXCP üçün ciddi siqnal olmalıdır. Əli Kərimli siyasət dəllalı olsa da, kağızsız çıxış edə bilir. Onun oğlu isə deyəsən, nitqin yazıldığı kağız olmayanda özünü naqolay hiss edir.

... Almaniyada siyasi sığınacaq almaq ümidi ilə hələlik tranzit ölkə qismində Gürcüstanda ilişib qalmış yazar Günel Mövlud adətən "Meydan TV"nin saytında yazılarını dərc etdirir, ermənilərlə eyni layihədə çalışır və Azərbaycanı dünyaya insan haqlarının yalnız kağız üzərində qaldığı Şimali Koreya ilə insanların haqq axtarışında öldürüldükləri Liberiyanın qarışığı kimi təqdim etməyə çalışır. Anasını bisavad, mərhum atasını yalnız kitablar qoyub getmiş adamlar, ailəsini geridə qalmış radikal-feodal insanlar toplusu, özünü isə qədri hələ də bilinməyən Tereza Ana və qəhrəmanlığı anlanmayan Meri Stüart təki təqdim edən Günel Mövludun hər yazısında ölkə, millət, insanlarımız aşağılanır. Azərbaycan bu yazılarda, sanki, degenerativ təmayüllərin məcra açdığı bir ölkədir - təbii ki, Günel Mövludun komplekslərlə dolu təxəyyülündə.


Fotolarında Koko Şanel, yazılarında Jorj Sand, Facebook açıqlamalarında Tereza Doroti təsiri bağışlamağa calışan Günel Mövlud "Azadlıq" radiostansiyasının saytında dərc olunmuş "Erkin Qədirli nəyi danosbazlıq hesab edir?" yazısında çox maraqlı etirafda bulunur. Yazar öz aləmində "tezis-antitezis" oyununa əl ataraq qarşı tərəfi, yəni Erkin Qədirlini, REAL-ı və ümumiyyətlə, AXCP lideri Əli Kərimlinin fanatı, Milli Şuranın pərəstişkarı və sonda da özünün pasibanı olmayanları guya ifşa edib.

Bakıdakı "Məhsul" stadiounda 800 marginalın, lümpenin yığışdığı mitinqdə "Avropa Birliyi ilə assosiativ saziş imzalanmalıdır!" şüarını qaldıran, amma "assosiasiya" sözünün mənasını belə bilməyən başabəla "demokrat"lar təki, Günel Mövlud da etik, normal ziyali diskussiyası prinsiplərini, siyasi mübarizə qaydalarını bir kənara ataraq kiçik və rəngli dünyasına qapılaraq Erkin Qədirlini aşağılayır, onun tərəfdarlarını və REAL mənsublarını isə piqmeylər sanır.

AXCP sədri Əli Kərimli və onun "gerilyeros-banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsalar da, həmişə sözləri əməllərinə zidd olub.

Bakıda "Monarxiyaya son!" təki absurd, hətta idiotik şüarla (Azərbaycanda monarxiya yoxdursa, nəyə "son"?!") mitinq keçirməyə çalışan Əli Kərimli nə qədər ikiüzlü təsir bağışladıqlarının fərqində deyil. Nədən ki, əgər Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu Turqut ən müxtəlif yollarla "müxalifət siyasəti"nə gətirilməyə çalışılırsa və bu istiqamətdə İsa Qəmbərin tərəfdarları ciddi səylər göstərirlərsə, Əli Kərimli daha qısa, primitiv, sıravi "cəbhəçi"ləri belə, qıcıqlandıran yolu seçdi. O, Londonda təhsil alan oğlu Türkel Kərimlini ABŞ Konqresinin Nümayəndələr Palatasının nəzdindəki Tomas Lantos adına İnsan Haqları Komissiyasının təşkil etdiyi dinləmələrə yolladı. Oğlunu siyasətə dal qapıdan itələyən Əli Kərimlinin şüurunda bu, əsl demokratiyadır, xalqın seçimidir. Xalq dedikdə AXCP sədri kimi nəzərdə tutur: "Məhsul" stadionuna yığışıb bağıran lümpenləri, islamçıları, marginalları, yoxsa ona kəskin antipatiya bəsləyən, çoxsaylı maskalarına rəğmən iç üzünə bələd olan XALQı? AXCP sədri həmişəki kimi, öz maraqlarının təminatı üçün xalqla yanaşı, ona hələ də inanan zavallıların mənafelərini qurban verməyə hazırdır.

Əli Kərimlinin siyasi karyerası, əslində, sonsuz xəyanətlər, qisaslar, intriqalar toplusudur: o, Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danışıqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyyətlə danışıqlara can atıb, yenə vədlər verib - amma sonda hamını aldatmağa çalışıb.

AXCP sədrinin və onun ətrafının son 24 ildəki yaşamı hakimiyyət yanğısı uğrunda milli dəyərlərin, millətin maraqlarının və demokratiyanın hərraca çıxarılmasıdır. İndisə o, Azərbaycana qarşı çıxaraq ölkəmizin düşmənləri ilə ittifaq qurur.

... Xaricdəki rejissorların əmrlərini yerinə yetirən Əli Kərimlini acı tale gözləyir: nədən ki, tarix satqınları heç vaxt bağışlamır, zamanla tale isə belələrinə qarşı amansız olur.

Milli.Az


Müəllif: