21 Sentyabr 2016 14:07
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın sentyabrın 24-nə planlaşdırdığı mitinqdən imtina etməsi müxalif cameədə fikir ayrılığına səbəb olub. Milli Şurada təmsil olunanlar və onun təəssübkeşləri, o cümlədən qurumda dominantlıq təşkil edən AXCP üzvləri mitinqdən imtina qərarına etiraz edirlər. Sosial şəbəkələrdə Milli Şura təmsilçiləri adından Bakı Şəhər İcra Hakimiyyətinə sentyabrın 24-də mitinqə yer ayrılması ilə bağlı rəsmi müraciətin fotosu yayılıb. MŞ rəsmiləri isə iddia edir ki, bu məktub hər ehtimala qarşı göndərilib və onların mitinq keçirmək qərarını yalnız özləri elan edə bilər.

Həmişə AXCP sədri Əli Kərimlini açıq şəkildə müdafiə edən jurnalist Xədicə İsmayıl da AXCP sədrini qərarına görə qınayıb. Bu cür bəyanatlar yayılan gün Xədicə İsmayıl feysbukda mitinq təşkilatçılarına “Niyə?” sualını ünvanlayıb. Hətta konkret adları çəkib cavab gözlədiyi halda Milli Şuranın heç bir üzvü cavab verməyib. Milli Şura sədri Cəmil Həsənlinin adını işarələyən Xədicə İsmayıl ondan da bir cavab ala bilməyib.

Sosial şəbəkə istifadəçiləri isə Xədicə İsmayıla məsləhət görüblər ki, bu sualı Əli Kərimliyə versin: “Onu Əli Kərimliyə sorun, bir zəhmət”. Çünki faktiki Milli Şurada təmsilçiliyin böyük qismi cəbhəçilərə aiddir. Sədr Cəmil Həsənlidən daha çox Əli Kərimli MŞ-da söz haqqına sahibdir.


Milli Şuranın mitinq keçirməsində israrlı olan Xədicə İsmayıl növbəti gün daha bir status yazaraq qurum üzvlərini mitinqə səsləyib: “BŞİH-ə imtina məktubu göndərilməyibsə, Milli Şura qərarına yenidən baxsın deyirəm. Siz nə deyirsiz?” Əli Kərimli və tərəfdarları bu çağırışa da məhəl qoymayıb.

Günlərdir sualları və çağırışları cavabsız qalan Xədicə İsmayılın səbr kasası dünən son həddə çatıb və Milli Şuranı mitinqlə bağlı oyun oynamaqda suçlayıb: “Bilmirəm, məni daha çox dilxor edən nədir? Burdakı müxalifətin mitinqlə bağlı oyunu, yoxsa xaricdə oturub “niyə mitinq eləmirsiz” deyənlər. Barı onlar sussunlar”.

Keçmiş səfir Arif Məmmədov jurnalistə ürək-dirək verərək Əli Kərimlinin mitinqdən imtina qərarının taktika ola biləcəyinə işarə etsə də, bu qənaət onu sakitləşdirməyib və bunun xüsusi taktika olmadığını dilə gətirib.

Əli Kərimli isə günlərdir bu suallar qarşısında susur və mitinqin hansısa səbəbdən təxirə düşdüyünə dair sualları cavabsız qoyur. Hücum taktikasına keçən AXCP sədri bütün günahı Müsavat başqanının üzərinə atıb: “Bir başqasından xahiş etməmişik ki, bizim əvəzimizdən 24 sentyabra mitinq elanı versin. Bir müddət öncə, sentyabrın 11-i və 17-də mitinq keçirməklə bağlı Milli Şura təmsilçiləri Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib. Milli Şura rəhbərliyindən kimlərsə xalqı 24 sentyabrda mitinqə çağırıbmı? Xeyr, olmayıb belə bir şey”.

Səma


Müəllif:

Oxşar xəbərlər