5 Oktyabr 2016 21:53
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Con Kerrinin bu bəyanatı siyasi hakimiyyətdən getməyə hazırlaşdığı bir vaxtda özünə siyasi dividend qazanmaq, erməni lobbisindən gələcəkdə də hansısa vəzifəyə keçmək məqsədilə yararlanmaq üçün verilmiş bir bəyanatdır”.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, Con Kerri bu bəyanatı verməklə yenidən erməni lobbisinin qucağına sığınır və gələcəkdə ondan bəhrələnəcək: “Çünki bu cür mövqe heç vaxt obyektiv sayıla bilməz və ədalətli ola bilməz. O ki, qaldı siyasi iradəyə, Azərbaycan Prezidentinin siyasi iradəsi də, qətiyyətli mövqeyi də ortadadır. Azərbaycan torpaqları işğaldan azad ediləcək, buna heç kimin şübhəsi olmasın”.

Deputat əlavə edib ki, Con Kerrinin iddiası ATƏT Minsk qrupunun həmsədrlərinin mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir:

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətin ikinci şəxsi belə bir mövqe ortaya qoyursa, bu o deməkdir ki, onlar münaqişəni həll etmək istəmirlər. Onlar bu münaqişəni süni surətdə dondurulmuş münaqişəyə çevirməyə çalışırlar. Əgər münaqişənin həllini istəsəydilər, özlərində siyasi iradə tapsaydılar, işğalçı Ermənistana təzyiq göstərərək beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq məsələni həll edərdilər”.

B.Əliyev vurğulayıb ki, bu cür bəyanatlara baxmayaraq Azərbaycan öz yolu ilə gedir: “Azərbaycan öz düzgün yolundan geri çəkilməyib, erməni lobbisi və onun Con Kerri kimi təəssübkeşləri bu cür mövqe nümayiş etdirməklə istəklərinə nail ola bilməyəcəklər”.


Müəllif:

Oxşar xəbərlər